Qəbələ rayonunun bütün kəndləri tam rabitə ilə təmin edilib.
Rayon üzrə hər 100 təsərrüfata düşən telefon abunəçilərinin sayı 53 ədəd təşkil edir.
Bu barədə ERtv-yə Rayon Telekommunikasiya Qovşağından məlumat verilib.
Bildirilir ki, bu ilin 9 ayında Nic, Tikanlı, Məmmədağalı və Vəndam kəndlərinin birləşdirici xətlərinin FO kabelinə keçməsi üçün qazıntı işləri başa çatdırılıb. Artıq Nic, Vəndam kənd Elektron ATS-ləri üçün transmissiya avadanlıqları alınıb və rabitə FO kabeli üzərindən verilib. İlin sonuna qədər şəhər və kənd telefon şəbəkəsində göstərilən rabitə xidmətinin keyfiyyəti daha da yüksəldiləcək.
Eyni zamanda digər multimedia xidmətlərinin də abunəçilərin istifadəsinə verilməsi nəzərdə tutulur. Bu məqsədlə Rayon Telekommunikasiya Qovşağındana 2592 portluq genişzolaqlı avadanlıqlar alınaraq EATS-lərə quraşdırılıb.
Qeyd edilib ki, hazırda ümumilikdə rayonun 33 kəndi internet xidmətindən istifadə edir. Genişzolaqlı internet xidmətindən istifadə edən abunəçilərin sayı 2436 nəfərdir.