Azərbaycanda müxaifət adı altında fəaliyyət göstərən bəzi qüvvələr xüsusilə də Milli Şura adı altında toplaşanlar şər qüvvələrə xidmət edirlər.
ERtv xəbər verir ki, bunu Müasir Müsavat Partiyası tərəfindən prezidentliyə namizədliyi irəli sürülən adıçəkilən partiyanın sədri Hafiz Hacıyev bu gün keçirdiyi mitinqdə çıxışı zamanı deyib.
O, mitinqə toplaşanları şər qüvvələrlə mübarizəyə səslədi.
“Onların arxasında Azərbaycanı istəməyən, onu dağıdıb məhv etmək niyyətində olan dairələr, ermənilərin maliyyələşdirdiyi beynəlxalq təşkilatlar dayanır. Odur ki, onlar da həmin dairələrin buyruqlarını, əmrlərini yerinə yetirməklə Azərbaycana qarşı xəyanət, satqınlıq yolunu tutublar”.
H.Hacıyev ona teledebat zamanı niyə platforması barədə danışmadığı suallarının verildiyini deyib və qeyd edib ki, bu insanlar ölkəni məhvə aparmaq istəyirlər.
“İnsanları meydanlara sürükləmək istəyirlər. Stabillik olmayan yerdə platformadan danışmaq olar? Ancaq mən söz verirəm ki, bunların heç biri öz çirkin niyyətlərinə nail ola bilməyəcəklər. Onların qarşısında biz, Azərbaycan xalqı dayanacaq və imkan verməyəcəyik ki, həmin qüvvələr Azərbaycanı yenidən 1992-93-cü illərdə olduğu kimi məhv olmaya doğru aparasınlar”.
H.Hacıyev bəyanedib ki, bu gün Milli Şura adı altında toplaşan milli xəyanətkarlarla, satqınlarla bir zaman eyni komandada, Elçibəy hakimiyyətində təmsil olunub və həmin dövrdə nazir işləyib.
“Mən görmüşəm ki, Kərimov Əlilər, Qəmbərov İsalar nə oyundan çıxırlar. O zaman Əli Kərimli prezident aparatında şöbə müdiri sonra isə dövlət katibi vəzifəsində işləyirdi. Eyni zamanda onun həyat yoldaşı Prezident Aparatında şöbə müdiri işləyirdi. Azərbaycanın müharibə vəziyyəti ilə əlaqədar ləl-cəvahirat fondu yaradılmışdı. Ana-bacılarımız qızıllarını fonda bağışladılar. Ancaq Əli Kərimov və onun həyat yoldaşı məcbur edirdi ki, həmin qızılları xarici banklara yatırtsınlar. Sual edirəm hanı həmin qızıllar? Onları kim və hara dağıtdı, nəyə sərf etdi? Həmin fondu, dövlət büdcəsini talayanlar, Milli Şurada toplaşan milli satqınlar dağıtdılar, talan etdilər”.
O bildirib ki, məhz onların arxasında dayanan ermənipərəst dairələrin əli ilə Azərbaycan torpaqları işğal olundu.
“O zaman hələ biz hakimiyyətə gəlməzdən əvvəl, Mütəllibovun dövründə Qarabağ probleminin həllinə az qala yaxınlaşılışdı. Mütəllibov o zaman 5 gün möhlət istəmişdi ki, imkan verin Şuşanı qaytarım. Ancaq bu adamlar imkan vermədilər və onu hakimiyyətdən devirdilər. Və əksinə Azərbaycanın digər ərazilərə də işğal olundu.
İndi də deyirlər Qarabağı azad edəcəyik. Qarabağı ermənilərə verən adamlar necə geri qaytaracaq? Bunlar hamısı yalan vədlərdir. Xalqın başını aldatmaqdır. İndi də Cəmil Həsənlini ortaya atıblar. Bu adam ziyalı idi. Amma ziyalı olmaq heç də dövləti idarə etmək demək deyil. Ona görə biz bu adamların hakimiyyətə gəlməsinə imkanverməməliyik”.