Mədəniyyət və Turizm Nazirliyi Avropa Şurası və Avropa İttifaqının birgə layihəsi olan “Avropa irs günləri” çərçivəsində Zaqatala rayonunda bir sıra mədəni-kütləvi tədbirlər təşkil olunacaq.
ERtv-nin bölgə müxbirinə Rayon Mədəniyyət və Turizm Şöbəsindən verilən məlumata əsasən, layihə çərçivəsində sentyabrın 27-dən 30-dək ölkənin şimal-qərb regionunda keçirilməsi nəzərdə tutulan mədəni-kütləvi tədbirlər Zaqatala rayonunu da əhatə edəcək.
Belə ki, Azərbaycanda “Avropa irs günləri” layihəsinin təşkili ilə bağlı tədbirlər planına əsasən Zaqatalanın ümumtəhsil məktəblərində mədəni irsin qorunması mövzusunda dərslərin, mədəniyyət müəssisələrində, muzey və rəsm qalereyalarında, qoruqlarda “Açıq qapı” günləri keçirilir. Bu müddətdə rayonda və bölgədə fəaliyyət göstərən fotoqraflarının çəkdiyi “Mədəniyyət abidələrimiz” mövzusunda fotosərginin təşkili və digər tədbirlər nəzərdə tutulur.
Sentyabrın 29-da isə Zaqatalada şimal-qərb bölgəsi rayonlarını təmsil edən folklor kollektivlərinin, habelə Bakı Musiqi Akademiyasının kamera orkestrinin iştirakı ilə geniş konsert proqramı təqdim olunacaq.