Rəsul Quliyevi anlamaqda həqiqətən çətinlik çəkirəm.
Nə danışır bu adam? Nə piar, nə qurama, nə montajbazlıq salıb yenə? Deyir, mənim müxtəlif zənglərimi birləşdirib belə bir şey ərsəyə gətiriblər. Guya iqtidarın texnoloqları əvvəldən belə bir şey planlayıbmışlar. Ayıbdır Vallah! Utanıb yerə girmək, susmaq əvəzinə, adamın danışmağa hələ bir dili də var”- Gun.Az xəbər verir ki, bu fikirləri politoloq Elşən Musayev son günlər müxalif cəbhədə və ümumiyyətlə ictimai-siyasi sektorda ciddi rezonans yaradan “telefon qalmaqalı”ilə bağlı Rəsul Quliyevin verdiyi növbəti açıqlamaya münasibət bildirərkən söyləyib.
“Rəsul Quliyev kimdir ki, iqtidar ona görə önləmlər alsın və ya nəyisə təşkil eləsin? Hakimiyyətin nəyinə lazımdır bu zavallı siyasət psixozu? Artıq bir tək xalqın deyil, qohumlarının belə yadından çıxan adam görəsən niyə özünü şişirdib aşırı təkəbbür nümayiş etdirməyə çalışır?
Fakt budur ki, eyni düşərgədə olduğu insanlar ona“yalıncıq”,”mafioz”ayaması qoyub, hər fürsətdə başı üzərindən tərs qapazı əksik etməyib. İndi də Rəsul bəy həmin atmacaların, təhqirlərin cavabını vermək istəyirsə və ya özündə təpər tapıb verirsə bunu niyə əl altdan, telefon pıçıltısi ilə edir ki? Üstəlik ardınca da dediyini danır?
Etiraf etsin ki, demişəm. Söhbət də bununla bitib-qurtarsın da. Mərkəzdənqaçmalara, mövzudan yayınmalara nə ehtiyac var ki? Onsuzda bu ölkədə Rəsul Quliyevi kimsə kübar, intellektual biri kimi tanımır ki, deyim adamın imcinə ziyan dəyib, ona görə belə edir. Azərbaycan əhalisinin ən az 90 faizi bu adamın kəramətinə, səviyyəsinə bələddir. Hamı da bilir ki, Rəsul bəy bu cür iyrənc, mundar kəlmələrlə deyil, əksinə normal, mədəni, alicənab danışığı ilə hər kəsi təəccübləndirə bilər. Yəni dediyim odur ki, bu baxımdan da çəkiniləcək, utanılacaq bir şey yoxdur.
Həmin telefon danışığında Eldar Namazov tula, Cəmil Həsənli bədbəxt adlandırılıb.”Milli Şura”isə ən kəskin ifadələrlə aşağılanıb. Halbuki, Eldar Namazov kimi birisi ən ağır sözlərə layiq olsa da, biz onun haqqında “reneqat”dan ağır kəlmə işlətməmişik. Cəmil Həsənlinin üzərinə o formalı epitetlərlə getməmişik,“Milli Şura”nı da hər kəs üçün açıq və aydın olan faktlarla ifşa etmişik. Və məsələnin ən qəribə, heyrət doğuran tərəfi bilirsinizmi nədir?-Həmin təhqirlərin ünvanlandığı kəslərin hələ də dərin bir susqunluq içində olmaları. Adam başa düşmür ki, o ağırlıqda sözləri “yediklərindənmi” sakit durublar, yoxsa layiq olduqlarındanmı?”- deyə politoloq fikirlərinə davam edib.