Zaqatala rayonunun Muxax kənd sakini həyətindəki təndirə yuvarlanaraq ciddi yanıq xəsarətləri alıb.
Bu barədə ERtv-yə Rayon Polis Şöbəsindən məlumat verilib.
Bildirilir ki, rayonun Muxax kənd sakini 43 yaşlı Rirdovus Məmmədəminova həyətindəki təndirə çörək yapan zaman ehtiyatsızlığa yol verərək təndirə düşüb. Yaxınları qadının harayına yetişənə kimi o müxtəlif dərəcəli yanıq xəsarətləri alıb. Dərhal təcili tibbi yardım maşını çağrılıb və Pirdovus Məmmədəminova Zaqatala Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
Xəstəxanadan verilən məlumata görə, təndirə düşən Pirdovus Məmmədəminova yuxarı və aşağı ətrafların 2-ci və 3-cü dərəcəli texniki yanıq xəsarəti alıb. Həkimlər qadının vəziyyətini orta-ağır qiymətləndirir. Yaxın saatlarda onun Bakıdakı xəstəxanalardan birinə göndərilib-göndərilməyəcəyi bəlli olacaq.
Rayon Polis Şöbəsində faktla bağlı araşdırma başlanılıb.