2035-ci ilədək hazırlanan Master Plana əsasən Abşeron yarımadasında 5900 km su, 7100 km kanalizasiya, 970 km yağış suları xətləri çəkiləcək.
ERtv xəbər verir ki, bu barədə “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov Yeni Azərbaycan Partiyasının saytına müsahibəsində bildirib.
Onun sözlərinə görə, Master Planda Bakı şəhəri ətrafında və Abşeron yarımadasında yerləşən yaşayış məntəqələrinin su təchizatı və kanalizasiya sistemlərinin 2035-ci ilə qədər perspektiv inkişaf nəzərə alınmaqla müasir standartlara uyğun yenidən qurulması hədəf götürülüb: “Sənəd hazırlanarkən şəhərin perspektiv inkişaf planı, ümumi əhali artımı, turizmin inkişafı, sənaye və yol infrastrukturunun genişlənməsi faktorları əsas götürülüb.
2035-ci ilə qədər əhalinin artımı, Abşeron yarımadasında magistral su kəmərləri, su anbarları, kanalizasiya kollektorları, çirkab sutəmizləyici qurğuların məhsuldarlıqları və həcmləri müəyyənləşib”.
Qurumun sədri əlavə edib ki, Master Plana uyğun olaraq qarşıdakı illərdə ümumi tutumu 1 milyon 345 min kubmetr olan 80-dən çox su anbarı, ümumi məhsuldarlığı sutkada 1 milyon 375 min kubmetr olan 11 çirkab sutəmizləyici qurğunun tikintisi də nəzərdə tutulur.