Muzey Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə ölkə başçısının imzaladığı sərəncamlara əsasən sənət adamlarına fəxri mükafatların təqdimat mərasimi keçirilib.
ERtv xəbər verir ki, mərasimi açan mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev son illər ölkə teatrlarında görülən işlərdən danışıb. Yenidənqurma işlərinin və teatrlarda çalışan heyətin əməyinə göstərilən dövlət qayğısından danışıb.
Söyləyib ki, son illərdə dövlət səviyyəsində teatr haqqında qanunlar qəbul edilib, islahatlar aparılıb. Gənc Tamaşaçılar, Akademik Milli Dram teatrlarında əsaslı təmir-bərpa işləri aparılıb. Teatrlarda ən müasir texniki vasitələrin yerləşdirildiyini deyib:
“Bundan başqa, Sumqayıt və Mingəçevir şəhərlərində teatrlar ən müasir tələblərə cavab verən səviyyədə istifadəyə verilib. Nazirliyin daxili imkanları əsasında “Yuğ” və “Pontomim” teatrları təmir olunub”.
Azərbaycanlı teatr rejissorlarının uğurlarından söhbət açan nazir müavini bildirib ki, rejissorlar digər yerli teatrlardan sifarişlər alır:
“Buna Bəhram Osmanovu misal olaraq göstərə bilərəm. O, Akademik Milli Dram Teatrının rejissorudur. Amma digər teatrlarımızdan da təkliflər alır. Bu da bizim daha bir uğurumuzdur. Bundan başqa, azərbaycanlı rejissorlar ölkədən kənarda tamaşa hazırlayırlar. Onu da qeyd etmək lazımdır ki, Azərbaycan teatrları son 10 il ərzində dünyanın 50 ölkəsində 178 qastrol səfərlərində olub”.
Nazir müavinin çıxışından sonra Azərbaycan peşəkar milli teatrının 140 illik yubileyi ilə əlaqədar 67 nəfər mədəniyyət xadiminə “Fəxri Mədəniyyət İşçisi” döş nişanı təqdim olunub.