Şəkidə Azərbaycan Gənclər Təşkilatları Milli Şurasının təşkilatçılığı ilə bir həftə davam edən “Go For Green” Beynəlxalq layihə başa çatıb.
Rayon Gənclər və idman İdarəsindən ERtv-yə verilən məlumata əsasən, Avropa İttifaqının “Gənclər fəaliyyətdə” proqramı çərçivəsində reallaşan layihədə Azərbaycan ilə yanaşı, Çexiya, Rumıniya, İspaniya, Türkiyə, Gürcüstan, Ukrayna və Moldovadan 40 nümayəndə iştirak edib.
Layihənin başlıca məqsədi təbiət qoynunda müxtəlif ekoloji məsələləri həll etmək olub. Yeddi gün davam edən layihə çərçivəsində iştirakçılar açıq hava şəraitində ekoloji problemləri müxtəlif ölkələrin gəncləri ilə müzakirə edib, fikir mübadiləsi aparıb, rəy və təkliflərini bildiriblər. Nümayəndə heyəti həmçinin, ekologiyanın qorunmasında gənclərin iştirakçılığı və könüllülüyün rolu mövzularında müzakirələrə qatılıb, təcrübə mübadiləsi ediblər.