Sentyabrın 18-də dahi bəstəkar Üzeyir Hacıbəyliyə həsr olunan V Beynəlxalq Musiqi Festivalına start verilib.
ERtv xəbər verir ki, Heydər Əliyev Fondunun dəstəyi ilə keçirilən festivalın açılış mərasimi Akademik Opera və Balet Teatrında baş tutub.
Mərasim Ü.Hacıbəylinin “Arşın mal alan” musiqili komediyası ilə başlanıb. Bu il 100 illiyi qeyd olunan yubiley tamaşasının dirijoru Cavanşir Cəfərov, solistlər Fərid Əliyev, Afaq Abbasova, Şahlar Quliyev, Gülyaz Məmmədova, Fidan Hacıyeva, Ələkbər Əliyev və Telman Əliyevdir.
Festival sentyabrın 28-dək davam edəcək.
Builki festivalda Rusiya, Türkiyə, Almaniya, Fransa, ABŞ, Slovakiya və Litvadan tanınmış dirijor və solistlər, gənc, istedadlı ifaçılar, musiqi kollektivləri - Münhen Yeni Filarmonik Orkestri, Boqdan Varxal adına Slovakiya Dövlət Kamera Orkestri, “Romantik” kvarteti, “Utopik” kvarteti, Peter Rundel, Bricit Pinter, Vilija Poskute və Tomas Daukantas, Svetlana Berejnaya, V.Vorona Viktoriya Çenskaya, Teymuraz Ququşvili, Petry Rakovitse, Varvara Nepomnyaşaya, AŞU, Nikita Volov və Daniel Tağıyev iştirak edəcəklər.
Festivalda Azərbaycanın aparıcı kollektivləri və musiqiçiləri ilə yanaşı, gənc nəslin istedadlı nümayəndələri də olacaq.
Festival çərçivəsində keçirilən konsertlərdə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri, Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri, Buta kamera xoru, Bakı Musiqi Akademiyasının Gənclər Kamera Orkestri, dirijorlar Rauf Abdullayev, Teymur Göyçayev, Yalçın Adıgözəlov, Fuad İbrahimov, Əyyub Quliyev, Elnarə Kərimova, solistlər Nərgiz Əliyarova, Elnarə Kəbirlinskaya, Nəzakət Rimazi, gənc istedadlı ifaçılar Anar İbrahimov, Riad Məmmədov, Cəmilə Qarayusifli, Firuzə Xancalova və başqaları çıxış edəcək.
Festival günlərində Bakının musiqi tədrisi ocaqlarında ustad dərslərin təşkili də planlaşdırılıb.
Xatırladaq ki, Azərbaycan prezidentinin “Üzeyir Musiqi Gününün keçirilməsi haqqında” 1995-ci il 18 sentyabr tarixli fərmanına uyğun olaraq hər il ənənəvi Üzeyir Musiqi Günü keçirilir.