Təhsil naziri Mikayıl Cabbarov xarici ölkələrin ali təhsil müəssisələrində təhsil almaları üçün barələrində müsbət qərar verilmiş tələbələrlə görüşüb.
ERtv-nin məlumatına görə, görüşdə 2013-2014-cü tədris ilində xarici ölkələrin ali təhsil müəssisələrində “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində təhsil almaq üçün Prezident yanında Təhsil üzrə Komissiya tərəfindən barələrində müsbət qərar verilmiş növbəti 84 tələbə iştirak edib.
Görüş zamanı nazir tələbələri təbrik edərək onlara təhsillərində uğurlar arzulayıb.
M.Cabbarov bildirib ki, azərbaycanlı gənclərin xaricdə təhsil almağa göndərilməsi ölkəmizin yüksək ixtisaslı mütəxəssislərə olan ehtiyacının ödənilməsinə xidmət edir.
Nazir Dövlət Proqramı üzrə təhsil alan tələbələrin xaricdə ölkəmizi layiqincə təmsil edəcəyinə inandığını nəzərə çatdırıb və onların seçdikləri ixtisaslar üzrə yüksək səviyyəli mütəxəssis kimi ölkəmizə dönəcəklərinə ümidvar olduğunu söyləyib.
Qeyd edək ki, bu günə qədər Prezident yanında Təhsil üzrə Komissiya tərəfindən Dövlət Proqramı çərçivəsində 2013-2014-cü tədris ilində xarici ölkələrin ali təhsil müəssisələrində təhsil almaq üçün sənəd vermiş 315 namizəd barəsində müsbət qərar qəbul olunub.
Digər namizədlər barəsində müvafiq qərar qəbul olunduğu zaman bu haqda ictimaiyyətə əlavə məlumat veriləcək.