Bu gün Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyevin Xəzər-Avropa İnteqrasiya İşgüzar Klubunun (CEIBC) üzv şirkətləri ilə “Ümumdünya Ticarət Təşkilatına giriş: Azərbaycan şirkətləri üçün üstünlüklər və nöqsanlar” mövzusunda görüşü keçirilib.
ERtv xəbər verir ki, görüşdə XİN müavini Azərbaycanın ÜTT-yə üzvlüyünün perspektivləri, biznesmenlər üçün yeni imkanlar barədə danışıb.
O, üzvlüyün iqtisadiyyatın inkişafına xeyirli olacağını bildirib.
Azərbaycanın ÜTT-yə üzvlüyünün dörd istiqamət üzrə aparıldığını xatırladan M.Məmməd-Quliyev indiyədək Azərbaycanın təşkilata üzvlüyü ilə bağlı 10 iclas keçirildiyini və 11-ci iclasın bu ilin sonuna keçiriləcəyini qeyd edib.
Onun sözlərinə görə, bu iclaslarda indiyədək 40-a yaxın ölkə iştirak edib. XİN müavinin sözlərinə görə, indiyədək ikitərəfli danışıqlarda isə 10-dan artıq ölkə iştirak edib.
O, bu yaxınlarda Argentinanın da danışıqlarda iştirak etmək üçün müraciət etdiyini qeyd edib. M.Məmməd-Quliyev Türkiyə, BƏƏ ilə protokolların imzalandığını, ABŞ, Avropa İttifaqı, Koreya, Yaponiya ilə isə danışıqların davam etdiyini əlavə edib.
XİN müavini Azərbaycanın bu təşkilata üzvlüyündən sonra ölkədəki şirkətlər üçün yaranacaq yeni imkanlardan da danışıb.
O qeyd edib ki, CEIBC ildə 2-3 dəfə belə görüşlər təşkil etməli və Azərbaycanın ÜTT-yə üzvlüyü məsələlərində aktiv iştirak etməlidir.