ABŞ səfirliyinin müvəqqəti işlər vəkili Derek Hoqan sentyabrın 17-18-də Naxçıvana səfər edib.
ERtv-yə ABŞ-ın Azərbaycandakı səfirliyindən bildiriblər ki, D.Hoqan Naxçıvan və regiondakı seçkiqabağı mühit barədə məlumat almaq, ABŞ-ın azad və ədalətli seçkilərə dəstəyini çatdırmaq üçün Xarici İşlər Nazirliyinin Naxçıvan idarəsinin rəisi Əsgər İsmayılov, yerli Mərkəzi Seçki Komissiyasının rəsmiləri və vətəndaş cəmiyyəti nümayəndələri ilə görüşüb.
O, həmçinin Xalq Cəbhəsi və Müsavat Partiyası rəsmiləri ilə görüşüb. O, Yeni Azərbaycan Partiyasının nümayəndələri ilə görüş istəsə də, cədvəllərin toqquşması səbəbi ilə görüş baş tutmayıb.
Hoqan rektor Saleh Məhərrəmovla birgə Naxçıvan Dövlət Universitetinə baxıb və mübadilə proqramları, ingilis dili tədrisi və bir sıra siyasi məsələlər ətrafında tələbələrlə söhbət edib.
Diplomat Düz Dağ Fizioterapiya Mərkəzinə, Nuh sərdabəsinə və Möminə Xatun məqbərəsinə baş çəkərək Naxçıvana səfərini tamamlayıb.