Azərbaycan şairi Nizami Gəncəvinin irsini dünya miqyasında tanıdırıq.
ERtv xəbər verir ki, dünən Dini Qurumlarla iş Üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Elşad İskəndərov İran İslam Respublikasına rəsmi səfəri çərçivəsində bu ölkənin Milli Kitabxanası və Sənədlər Təşkilatı sədri, eyni zamanda İran prezidentinin müşaviri vəzifəsini icra edən İshaq Salehi ilə görüşüb.
Görüşdə, ikitərəfli əməkdaşlığa aid bir sıra məsələlər müzakirə edilərkən İshaq Salehi Azərbaycanda Nizami Gəncəvinin məqbərəsindən onun beytlərini əks etdirən fars dilində yazılı abidələrin söküldüyü haqda İran mətbuatında məlumatlar getdiyini bildirərək, bu xəbərin İrandakı alim və tədqiqatçıları narahat etdiyini bildirib, Nizami Gəncəvi kimi dahi şairin irsinə biganəliyin xoşagəlməz hal olduğunu bildirib.
Həmin xəbərlərin əslində əsassız ajiotaj yaratdığını qeyd edən DQİDK sədri Azərbaycanda Nizami Gəncəvi irsinin qorunduğunu və böyük önəm verildiyini bildirib:
“Böyük Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin irsi bir sıra digər Azərbaycan dühalarının irsi kimi bütün bəşəriyyətin xəzinəsidir. Eyni zamanda dünyada Azərbaycan qədər Nizami irsinin qorunması məqsədilə fəaliyyət göstərən başqa dövlət yoxdur. Nizaminin əsərləri dəfələrlə ən müxtəlif dillərdə nəşr edilib. Nizami Gəncəvi daima Azərbaycan ədəbiyyatının zirvəsi hesab olunub” – deyə, E.İskəndərov bildirib.
Komitə sədri sözlərinə əlavə edib ki, hətta 1942-ci ildə SSRİ dönəmində, 2-ci Dünya müharibəsinin ən ağır, Moskvanın, Peterburqun, Bakının işğal təhlükəsi olduğu bir dövrdə, məhz Azərbaycan ziyalılarının təkidi ilə onun 800 illiyi keçirilib.
“Son illər ərzində Nizami irsinin dünya miqyasında tanıdılması üçün onu məhz Azərbaycan tərəfindən Romada abidəsi ucaldılmış, onlarla beynəlxalq tədbirlər keçirilib.
Ətrafında əsassız ajiotaj yaradılan məqbərə daşlar tarixi kitabə deyillər və hazırda məqbərənin əsaslı təmiri zamanı bütün üzlüklər kimi yenilənirlər. Məqbərə bərpa işlərindən sonra daha da möhtəşəm olacaq və onun dünyadan, o cümlədən İrandan gələcək Nizamisevərlər şahidi ola biləcəklər”.
Azərbaycanda Nizami irsinin bir hissəsi olaraq əsərlərinin yazıldığı fars dilinə də hörmətlə yanaşıldığını deyən Elşad İskəndərov Nizaminin fars dilində 10 cildlik əsərlər toplusunun dövlət tərəfindən nəşr olunduğunu diqqətə çatdırıb:
Salehi, Nizami irsinə Azərbaycanda verilən bu önəmə görə təşəkkür edərək bu məlumatların bir çoxunun onlar üçün yeni və çox sevindirici olduğunu qeyd edib. O gələcəkdə mövcud narazılıqların da aradan qalxacağına inandığını bildirib.