Prezident seçkilərində biz yeganə layiqli namizəd kimi İlham Əliyevi Azərbaycanda yaşayan bütün ruslar adından yekdilliklə dəstəklədiyimizi bəyan edirik.
Biz taleyimizi və uşaqlarımızın taleyini əvvəlki kimi ona etibar etməyə hazırıq.
ERtv xəbər verir ki, bunu hakim partiyanın saytına müsahibəsində millət vəkili, Azərbaycandakı Rus İcmasının rəhbəri, Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin üzvüMixail Zabelin dilə gətirib.
Onun dediyinə görə, İ.Əliyev sıradan bir insan deyil. O, Azərbaycan xalqının böyük oğlu, müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyev və nəcib insan, görkəmli oftalmoloq Z.Əliyevanın ailəsində tərbiyə alıb, ulu öndərdən siyasi dərs almış bir şəxsiyyət, bacarıqlı dövlət xadimidir.
Millət vəkili bildirib ki, H.Əliyevin ölkəyə rəhbərliyi zamanı yürütdüyü siyasətdə xalqın ruhu, mentaliteti aydın şəkildə özünü büruzə verirdi.
YAP-çı deputatın bildirdiyinə görə, bu gün bu siyasət İ.Əliyev tərəfindən uğurla davam etdirilir:
“Müstəqillik əldə etdikdən sonra indiyədək bircə dəfə də olsun Azərbaycanda yaşayan milli azlıqların hüquqlarını məhdudlaşdıran hər hansı qərar qəbul olunmayıb.
Odur ki, ölkə ərazisində yaşayan etnik xalqların nümayəndələrinin cənab İlham Əliyevə böyük rəğbətləri var. Bu məsələnin bir tərəfi, gəlin indi başqa tərəfdən baxaq. Ölkə prezidenti olmaq istəyən istənilən namizədin şəxsi keyfiyyətlərinə baxaq və onları hazırkı dövlət başçısı İlham Əliyevlə müqayisə edək.
Xarici görkəmindən tutmuş, istənilən vəziyyətlərdə özünü idarə etmək bacarığınadək, natiqlik qabiliyyətindən tutmuş, - hansı ki, siyasətçi üçün çox böyük önəm daşıyır,- müxtəlif dillərdə sərbəst danışmaq bacarığınadək, dövləti idarəetmə bacarığından tutmuş iş təcrübəsinədək - siyasətçi üçün vacib olan bütün bu keyfiyyətlər digərlərində yoxdur.
Məsələn, sadə bir müqayisə aparaq. Bir anlıq təsəvvür edək ki, eyni bir məkanda çıxış etmək üçün İlham Əliyev və Cəmil Həsənli tribunaya çıxırlar. Baxmayaraq ki, mənim Cəmil müəllimə böyük hörmətim var, amma düzünü deməliyəm - onların arasında yerlə göy qədər fərq var. Rusların belə bir atalar sözü var: “Səni xarici görünüşünə görə qarşılayırlar, amma ağlına görə yola salırlar”.
Bax mən deyərdim ki, cənab İlham Əliyevi digər namizədlərdən fərqləndirən əsas cəhət onun bilik və bacarığı, güclü idarəetmə və iqtisadi biliklərə malik olması, səriştəli siyasətçi olmasıdır”.