Budapeştin mərkəzindəki tarixi “Korintiya” zalında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 90 illiyi ilə əlaqədar təntənəli bayram konserti keçirilib.
ERtv-yə ölkəmizin Macarıstandakı səfirliyindən bildiriblər ki, Heydər Əliyev Mərkəzinin, səfirliyin və Art Prodakşn şirkətinin birgə təşkilatçılığı ilə baş tutan konsertdə Budapeştin “Dunay” simfonik orkestri Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət zəngin proqramla çıxış edib.
Konsertin əvvəlində iştirakçılara Heydər Əliyevin həyat yolu, Azərbaycan dövlətçiliyinin qurulmasında və möhkəmləndirilməsində böyük xidmətləri, xalqın siyasi, iqtisadi və mədəni həyatına əvəzsiz töhfələri barəsində ingilis və macar dillərində geniş məlumat verilib.
Azərbaycanın xalq artisti Rauf Abdullayevin dirijorluğu ilə “Dunay” simfonik orkestri Niyazinin “Rast” simfonik muğamını, Qara Qarayevin “Yeddi gözəl” baletindən parçaları, Fikrət Əmirovun “Azərbaycan kapriççiosu”nu böyük məharətlə ifadə edib. İstedadlı vokalçılar Səidə Şərifəliyevanın və Samir Cəfərovun ifasında Azərbaycan və Avropa klassik operalarından səslənən ariyalar böyük maraqla qarşılanıb.
Diplomatik korpus təmsilçiləri, Macarıstan sənət adamları və çoxsaylı musiqi pərəstişkarları Heydər Əliyev ideyalarının və Azərbaycan-macar sənət dostluğunun rəmzinə çevrilən təntənəli bayram konsertini yüksək dəyərləndirmiş və virtuoz ifaçıları dəfələrlə ayaq üstə alqışlayıb.