Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev Bakıda səfərdə olan ABŞ-ın nüfuzlu “Forbes” jurnalına müsahibə verib.
ERtv-nin verdiyi xəbərə görə, o, jurnalın müxbiri Merve Karakayaya Avropanın enerji təhlükəsizliyində Azərbaycanın mühüm ölkəyə çevrildiyindən, bu baxımdan qısa müddətdə yaradılmış etibarlı ixrac neft və qaz kəmərləri sisteminin rolundan danışıb.
Şirkətin prezidenti müsahibəsində bu istiqamətdə həyata keçirilən layihələr sırasında “Cənub Qaz Dəhlizi”nin əhəmiyyətini önə çəkib.
Daha sonra R. Abdullayev “Cənub qaz dəhlizi”nin açılmasında “Şahdəniz-2” layihəsinin rolu, TANAP boru kəmərinin gerçəkləşməsində Azərbaycan və Türkiyə rəhbərliyinin siyasi iradəsinin mühüm əhəmiyyət kəsb etməsi, Türkiyədə həyata keçirilən “STAR” layihəsi, “Petkim” Neft-Kimya Holdinqinin inkişaf perspektivləri, liman və elektrik stansiyası layihələri, habelə Yunanıstanın təbii qaz nəqli sisteminin operatoru olan DESFA şirkətinin səhmlərinin 66%-nin Dövlət Neft Şirkəti tərəfindən satın alınması kimi məsələlərlə bağlı sualları cavablandırıb.