Sentyabrın 18-dən 28-dək dahi bəstəkar Üzeyir Hacıbəyliyə həsr olunan V Beynəlxalq Musiqi Festivalı keçiriləcək.
Mədəniyyət və Turizm Nazirliyindən ERtv-yə verilən məlumata görə, nazirliyin və Heydər Əliyev Fondunun dəstəyi ilə keçiriləcək festivalın açılışı 5-ci ildir ki, sentyabrın 18-i “Musiqi Günü”nə təsadüf edir.
Builki festivalda Rusiya, Türkiyə, Almaniya, Fransa, ABŞ, Slovakiya və Litvadan tanınmış dirijor və solistlər, gənc, istedadlı ifaçılar, musiqi kollektivləri - Münhen Yeni Filarmonik Orkestri, BoqdanVarxal adına Slovakiya Dövlət Kamera Orkestri, “Romantik” kvarteti, “Utopik” kvarteti, Peter Rundel, Bricit Pinter, Vilija Poskute və Tomas Daukantas, Svetlana Berejnaya, V.Vorona Viktoriya Çenskaya, Teymuraz Ququşvili, Petry Rakovitse,Varvara Nepomnyaşaya, AŞU, Nikita Volov və Daniel Tağıyev iştirak edəcəklər.
Festivalda Azərbaycanın aparıcı kollektivləri və musiqiçiləri ilə yanaşı, gənc nəslin istedadlı nümayəndələri də olacaq.
Festival konsertlərində Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri, Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri, Buta kamera xoru, Bakı Musiqi Akademiyasının Gənclər Kamera Orkestri, dirijorlar Rauf Abdullayev, Teymur Göyçayev, Yalçın Adıgözəlov, Fuad İbrahimov, Əyyub Quliyev, Elnarə Kərimova, solistlər Nərgiz Əliyarova, Elnarə Kəbirlinskaya, Nəzakət Rimazi, gənc istedadlı ifaçılar Anar İbrahimov, Riad Məmmədov, Cəmilə Qarayusifli, Firuzə Xancalova və başqaları çıxış edəcək.
Festival günlərində Bakının musiqi tədrisi ocaqlarında ustad dərslərin təşkili də planlaşdırılıb. Həmçinin festival çərçivəsində musiqisevərlərə Akademik Opera və Balet Teatrında “Arşın mal alan” musiqili komediyasının 100 illiyinə həsr olunmuş yubiley tamaşası təqdim ediləcək.