Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğunun təşəbbüsü və təşkilatçılığı və Azərbaycan Dövlət Neft Şirkətinin sponsorluğu ilə sentyabrın 7-də “Arşın mal alan” operettası Los-Anceles şəhərində səhnəyə qoyulacaq.
ERtv-yə Baş Konsulluqdan bildiriblər ki, operettanın 100 illik yubileyinə həsr olunmuş bu tamaşa, “Arşın mal alan”-ın ingilisdilli məkanda, xüsusilə də ABŞ-da bu miqyasda və formada ilk səhnələşdirilməsidir.
Tamaşa dünyanın ən böyük və məşhur opera teatrlarından olan, Los-Ancelesin “Dorothy Chandler Pavilion” opera teatrında keçiriləcək.
Operettanın prodüseri amerikalı bəstəkar və prodüser Maykl Şnakdır (Michael Schnack). Bütün rolların ifaçıları ABŞ-ın tanınmış opera müğənniləridir. Operettanın mahnıları Azərbaycan dilində ifa ediləcək, dialoqları isə ingilis dilində aparılacaqdır. Los-Ancelesdə fəaliyyət göstərən nüfuzlu orkestr operettanın musiqisini ifa edəcək.
Premyerada iştirak etmək üçün Azərbaycandan nümayəndə heyəti Los-Ancelesə səfərə gəlib.
Qeyd edək ki, tamaşanın reklamı məqsədilə Baş Konsulluq tərəfindən ayrıca internet səhifəsi yaradılmış (www.clothpeddler.us), eləcə də videoçarx hazırlanaraq Los-Anceles telekanallarında nümayiş etdirilmişdir.