Cəmil Həsənlinin namizədliyi də Milli Şuranı düşdüyü ağır vəziyyətdən, böhrandan xilas edə, radikal düşərgəyə hansısa uğur qazandıra bilməyəcək.
Çünki cəmiyyətdə radikallara heç bir dəstək yoxdur, bu insanlar Azərbaycan siyasətinin belə demək mümkünsə, artıq keçmişidir.
Bunu ERtv-yə açıqlamasında hakim partiyadan olan millət vəkili Musa Quliyev dilə gətirib.
Onun dediyinə görə, ən azı radikallar arasında gedən çəkişmələr, Milli Şura daxilində baş verən ziddiyyətlər özü burada vəziyyətinin nə yerdə olduğunu bütün çılpaqlığı ilə ortaya qoyur.
Millət vəkili bildirib ki, hansısa bir uğura iddia edən şəxs, siyasi təşkilat ilk öncə daxili ziddiyyətlərdən, qarşıdurmalardan, çəkişmələrdən uzaq olmalı, öz daxili həmrəyliyini, monolitliyini təmin etməli və onu axıradək qoruyub saxlamağı bacarmalıdır.
M.Quliyevin sözlərinə görə, lakin Milli Şura adı altında birləşən qüvvələr nəinki monolitliklərini təmin edə biliblər, əksinə, hər gün öz hərəkətləri və davranışları ilə bir-birindən bir az da uzaqlaşır, bir az da zəif və acınacaqlı duruma düşürlər.
“Ona görə onlar nə qədər özlərini tox tutmağa çalışsalar da, daxili ziddiyyətlərini nə qədər gizlətməyə cəhd etsələr də, hər şey açıq-aşkar ortadadır. Sonuncu sessiyalarında və ondan sonra baş verənlər də buna əyani sübutdur.
Bu baxımdan, Azərbaycan seçicisindən dəstək ala bilməyən, daxili ziddiyyətlər yaşayan, gündən-günə zəifləyən radikal düşərgənin, onun namizədinin seçkilərdə hansısa uğurundan söhbət belə gedə bilməz. Əksinə, bu vəziyyət, eləcə də seçkilərdən sonrakı durum həmin düşərgənin tam iflası ilə nəticələnəcək” - deyə, M.Quliyev sözlərinə əlavə edib.