Sentyabrın 4-8-də Azərbaycan-Almaniya Tibbi Əməkdaşlıq Cəmiyyəti (GAMCA) ənənəvi tədbirlərindən biri olan “4-cü Azərbaycan-Alman Tibb Günləri” adlı layihəsini keçirir.
ERtv xəbər verir ki, tədbir Almaniyanın Siegen-Marien Krankenhaus Klinikası, Azərbaycan Tibb Universiteti və Milli Onkologiya Mərkəzinin birgə əməkdaşlığı ilə Almaniyanin Zigen şəhərində təşkil olunub.
Tədbirdə Azərbaycandan və eləcə də Almaniyanın müxtəlif şəhərlərindən 70-ə yaxın həkim, rezident və tələbə iştirak edir.
Eləcə də, tədbirdə Azərbaycanın Almaniyadakı səfiri Pərviz Şahbazov, Almaniya Bundestaqının Deputatı, Almaniya-Azərbaycan Parlamentlərarası dostluq qrupunun sədr müavini (Mr.) H.Daub, St.MarienKrankenhaus xəstənasının rəhbəri (Mr.) Winkelmann, Azərbaycan millət vəkilləri Ceyhun Osmanlı, İlham Məmmədov, Qənirə Paşayeva, Milli Onkologiya Mərkəzinin və Azərbaycan Tibb Universitetinin rəsmi nümayəndələri iştirak edir.
Tədbir Zigen şəhər meri S.Muessin şəhər meriyasında qonaqlar və eləcə də tədbir iştirakçıları üçün təşkil etdiyi təntənəli mərasim ilə açıq elan edilib. S.Muess qonaqları salamlayaraq tədbir iştirakçılarını Zigen şəhərində görməyindən məmnun olduğunu bildirib.
Bu tip tədbirlərin təşkilinin ölkələr arasındakı ictimai və tibbi əhəmiyyətindən, Zigen şəhərinin qısa tarixindən danışdı və konfrans iştirakçılarına daha böyük elmi nailiyyətlər arzulayıb.
Azərbaycanın Almaniyadakı səfiri P.Şahbazov öz növbəsində qonaqları salamlayaraq, Azərbaycan-Almaniya arasında mövcud olan dostluq və əməkdaşlıq əlaqələrinin möhkəmlənməsi, xüsusilə tibb sahəsində təhsil alan və çalışan kadrların ildən-ilə artmasının əhəmiyyətindən, Azərbaycan-Almaniya arasında mövcud olan əlaqələrin çoxillik tarixindən danışıb.
Sonda isə Azərbaycan milli ornamentləri və Zigen şəhər modelini özündə əks etdirən Azərbaycan xalçasını cənab merə təqdim edib.
Bundan başqa Heydər Əliyev Fondunun hazırlamış olduğu Azərbaycan tarixi, mədəniyyəti, arxitekturası, musiqi və mətbəx incilərini özündə birləşdirən kitab və təqdimat diskləri şəhər merinə hədiyyə edilib.
Sonda tədbir iştirakçıları ilə xatirə şəkilləri çəkilib və konfrans açıq elan olunub.
Tədbir iştirakçıları tədbirin davamı və ziyafət üçün St.Marien Krankenhaus klinikasına yollanıb.