Əfqanıstan Azərbaycan Dövlət Neft Şirkəti ilə bu ölkənin yeraltı sərvətlərinin işlənilməsi istiqamətində əməkdaşlıq etməkdə maraqlıdır.
ERtv xəbər verir ki, bu sözləri Azərbaycanda səfərdə olan Əfqanıstanın mineral ehtiyatlar və neft naziri Vahidullah Şahrani Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayevlə görüşdə bildirib.
Əfqan nazir böyük neft və qaz potensialına malik olan Əfqanıstanın artıq bir neçə ildir ki, beynəlxalq şirkətlərlə əməkdaşlıq çərçivəsində fəaliyyətə başladığını və bu sahədə Azərbaycanın təcrübəsindən yararlanmaq istədiklərini də əlavə edib.
Azərbaycanın uzun əsrlər boyu dünyanın neft akademiyası hesab olunduğunu diqqətə çatdıranRövnəq Abdullayev burada Əfqanıstan üçün neft mütəxəssislərinin hazırlanması ənənəsinin mövcudluğunu xatırladıb.
O, ötən ildən şirkətin nəzdində dünyanın nüfuzlu universitetləri ilə sıx əməkdaşlıq edən Bakı Ali Neft Məktəbinin fəaliyyətə başladığını qeyd edib və həmin ənənənin davamı olaraq gələn tədris ilindən əfqanıstanlı gənclərin bu ali Məktəbdə beynəlxalq standartlar səviyyəsində yüksək təhsil almasına şərait yaradılacağını söyləyib.
R.Abdullayev, həmçinin Əfqanıstanın neft-qaz sənayesi mütəxəssisləri üçün Azərbaycanda təcrübə mübadiləsinin təşkili istiqamətində real addımlar atmağın mümkün olduğunu bildirib.