Milli Şuranın düşdüyü böhrandan itkisiz çıxacağına qurumun nikbin təəssübkeşləri də şübhə ilə yanaşırlar.
Milli Şurada cərəyan edən son proseslər bu qurumun gələcək mövcudluğunu ciddi şübhə altına alıb.
Xüsusilə, bu qurumun vahid namizədi statusunun Rüstəm İbrahimbəyovdan Cəmil Həsənliyə ötürülməsindən sonra daxili münasibətlərdə gərginliyin artması açıq müşahidə olunur.
Milli Şuranın sentyabrın 2-də keçirilmiş sessiyası isə sözügedən “koalisiyanın” necə acınacaqlı durumda olduğunu dəqiq göstərdi. Bu təşkilatın ideya müəllifi və birləşdirici fiquru olan R.İbrahimbəyova bağlı olan “El” hərəkatı həmin sessiyada iştirakdan imtina etdi.
Eyni zamanda, Liberal Partiya (ALP) tam heyətlə, Açıq Cəmiyyət Partiyası (ACP) isə qismən həmin sessiyaya qatılmadı. Bu fakt Milli Şura daxilində hakim olan qapalı gərginliyin açığa çıxması anlamına gəlirdi.
Əlbəttə ki, üç ay əvvəl yaradılmış Milli Şuranın əsas tərəflərindən olan “El” hərəkatının bu demarşı ani narazılığın nəticəsi ola bilməzdi.
Hər halda, R.İbrahimbəyovun namizədliyinin qüvvədə olduğu kiçik zaman kəsimində Milli Şuranın söz sahibi qismində məhz “El” hərəkatı və onun təmsilçiləri çıxış edirdilər.
Bununla belə, R.İbrahimbəyov statusunu itirməsi ilə “El”in Milli Şuradakı mövqeləri də tam zəiflədi və qərarlara təsir imkanları xeyli azaldı.
Digər tərəfdən, C.Həsənlinin Müsavat və Xalq Cəbhəsi (AXCP) partiyalarının iradəsi ilə Milli Şuranın namizədi seçilməsi, onun seçki qərargahının Müsavatın ofisində yerləşməsi “El”in “beşinci təkər”ə çevrilməsini sürətləndirdi.
ACP, KXCP, ALP və “El” hərəkatının C.Həsənlinin imzatoplama kampaniyasına buraxılmaması, onlara aşağılayıcı münasibətin göstərilməsi kasanı daşırdan son damla oldu.
Sessiyaya qatılmamalarını Milli Şuranın fəaliyyətindən “fundamental narazılıq” ifadə edən “El” təmsilçiləri onları qane etməyən məqamları konkretləşdirmək istəmirlər.
Zəfər Quliyevin etiraf etdiyi bu məqam konkret olmasa da, əslində, çox ciddi açıqlamadır. “Fundamental narazılıq” o deməkdir ki, Milli Şura daxilində köklü narazılıqlar var.
O baxımdan, əməkdaşlığın təməl prinsiplərində belə mövqeləri uzlaşmayan bu qüvvələrin birgəliyi çox absurd görünür və uzunmüddətli ola bilməz.
“El” Ali Məclisinin sədri Eldəniz Quliyev hərəkatın Milli Şuranı tərk etməyəcəyinə inandırmağa çalışsa da, bu açıqlamaların diplomatik gediş olduğu aydındır.
E.Quliyev Milli Şuranın son sessiyasında üzvlərin çox az qisminin iştirak etdiyini xatırladaraq, bunu “çox ciddi mesaj” kimi qiymətləndirib.
“El” nümayəndəsinin qeyd olunan “mesaj”ının deşifrəsi isə təxminən belədir: “bizimlə birgə digər partiyalar da Milli Şuranı tərk etməyə hazırdırlar”.
Aydın məsələdir ki, E.Quliyevin nəzərdə tutduğu partiyalar ACP, KXCP və ALP-dir. Yaranmış vəziyyət bu təşkilatların Milli Şuranı tərk etmələrinin artıq texniki məsələ olduğunu söyləməyə tam əsas yaradıb.
Əgər bu ehtimal reallaşarsa, o zaman Milli Şura həqiqətən də, yaxın aylara qədər Müsavatla AXCP-nin qarşıdurma meydanı olmuş İctimai Palataya çevriləcək.
Bu iki partiyanın münasibətlərini nəzərə aldıqda, sadəcə, AXCP ilə Müsavatın qalacağı Milli Şuranın aqibətini təxmin etmək çətin deyil.
Belə çıxır ki, bu partiyaların sıfır nöqtəsindən başlayan yolçuluğu cızılan trayektoriyadan asılı olmayaraq, yenə həmin sıfır nöqtəsində tamamlanacaq.
...Bu birgəliyin faydalılıq əmsalı haqqında isə heç danışmağa dəyməz.