2013-cü il oktyabrın 9-da Azərbaycanda növbəti prezident seçkiləri keçiriləcək.
Seçicilər növbəti 5 il müddətinə dövlət başçısını seçəcəklər.
Bundan öncəki prezident seçkilərində olduğu kimi bu dəfə də sənət adamları seçkilərdə aktiv iştirak edəcəklər.
ERtv xəbər verir ki, Əməkdar artist, müğənniAybəniz Haşımova da qarşıdan gələn seçkilərlə bağlı fikirlərini paylaşıb:
“Bütün Azərbaycana bəllidir ki, mən Heydər Əliyevin yetirməsiyəm. Bütün naliyyətimi ümumilli liderimizə borcluyam. 35 ildir ki, Azərbaycana xidmət edirəm. Bu günə qədər onun siyasətinə inandığım üçün İlham Əliyevə səs verəcəyəm”.
Xalq artisti, Rus Dram Teatrının aktyoru Fuad Poladov seçkilərdə iştirak edəcəyini deyib:
“Prezident seçkilərində iştirak edəcəyim şəksizdir. Amma kimə səs verəcəyimi hələ ki, açıqlamaq istəmirəm”.
Yazıçı-filoloq Kamal Abdulla da 2008-ci ildə İlham Əliyevi dəstəklədiyini vurğulayıb:
“Bu seçkilərdə də heç şübhəsiz İlham Əliyevə səs verəcəyəm”.
Xalq artisti, Bakı Bələdiyyə Teatrının rəhbəri Amaliya Pənahova isə ölkə başcısı İlham Əliyevin uğurlu siyasətindən söz açıb. Əlavə edib ki, oktyabrın 9-da İlham Əliyevə səs verəcək:
“Mən hesab edirəm ki, cənab prezident bu illərdə çox gözəl işləyib. Onun gördüyü işlər göz önündədir. Mən İlham Əliyevə səs verəcəyəm. İstər siyasətdə, istər quruculuqda, istər rifahda, hər şey göz önündədir”.
Xalq artisti, müğənni Ağadadaş Ağayev “Seçkilərdə iştirak edəcəyəm” – deyib:
“Mən YAP-ın üzvüyəm. Yeganə dəstəklədiyim namizəd isə İlham Əliyevdir. Seçkilərdə fəal iştirak edəcəyəm”.
Xalq artisti, xanəndə Alim Qasımov oktyabrın 9-da seçki məntəqəsində olacaq:
“İnşallah, Allahın köməkliyi ilə prezident seçkilərində iştirak edəcəyəm. Prezidentimizə, İlham Əliyevə səs verəcəm”.
Xalq artisti, bəstəkar Siyavuş Kərimi İlham Əliyev siyasətini dəstəklədiyini vurğulayıb:
“Cənab İlham Əliyevə səs verəcəyəm. Biz hamız istəyirik ki, yaxşı yaşayaq. Ailəmiz gözəl, firavan günlər yaşasın. Əmin-amanlıq olsun. Uzun illərdir ki, biz məhz belə yaşayırıq. Əminik ki, cənab prezidentin sayəsində daha da xoş günlər görəcəyik. Cənab prezidentdən başqa alternativimiz yoxdur.
Çünki İlham Əliyev ölkəni irəliyə, daim inkişafa aparır. Bizə başqa prezident lazım deyil. Mənim və ailəmin seçimi yalnız İlham Əliyevdir”.
Xalq artisti, bəstəkar, Bakı Musiqi Akademmiyasının rektoru Fərhad Bədəlbəyli də İlham Əliyevin uğurli siyasətindən söz açıb:
“İlham Əliyevi 70-ci illərdən tanıyıram. Şəxsi münasibətimiz var. Çox ağıllı, siyasi xadim və diplomatdır. İngilis, fransız, rus və Azərbaycan dillərində təmiz və səlis danışır. Onunla birgə bir sıra tədbirlərdə iştirak etmişəm.
Fikir vermişəm ki, o, necə xarici qonaqlarla münasibət qurur. Azərbaycanı təqdim edir. Son illər ölkə iqtisadiyyatındakı irəliləyiş göz önündədir. Salınan yollar, zavodlar, fabriklər, yeni qəsəbə və binalar, onun əməyidir”.
Xalq artistləri - opera sənətçisi Xuraman Qasımova və bəstəkar Firəngiz Əlizadə də qarşıdan gələn seçkilərdə aktiv olacaqlarını və İlham Əliyevə səs verəcəklərini deyiblər.