Ağstafada baş verən yol-nəqliyyat qəzasında bir nəfər həlak olub, 6 nəfər isə yaralanıb.
ERtv-nin bölgə müxbirinin verdiyi məlumata görə, hadisə Bakı-Qazax magistral yolunun 448-ci km-də qeydə alınıb.
Qazax istiqamətdə hərəkətdə olan Ağstafa rayon Düz Qışlaq kənd sakini, 1981-ci il təvəllüdlü İlqar Musayevin idarə etdiyi “VAZ-21099” markalı 10-EA-351 dövlət qeydiyyat nişanlı avtomobil ilə, əks istiqamətdə hərəkətdə olan Ağstafa rayon Qırlı kənd sakini, 1994-cü il təvəllüdlü Turxan Abbasovun idarə etdiyi “VAZ-2106” markalı 20-CM-568 dövlət qeydiyyat nişanlı avtomobil toqquşub.
Nəticədə hər iki avtomobilin sürücüləri və “VAZ-21099” markalı avtomobildə olan 5 nəfər sərnişin ağır xəsarətlərlə Ağstafa rayon mərkəzi xəstəxanasına aparılıb.
“VAZ-21099” markalı avtomobilin sürücüsü Ağstafa rayon Düz Qışlaq kənd sakini, 32 yaşlı İlqar Musayev xəstəxanaya gətirilərkən yolda dünyasını dəyişib.
Onun avtomobilində olan digər sərnişinlər - Ağstafa rayon Xalfalı kənd sakin, 1966-cı il təvəllüdlü Asif Məmmədov, Ağstafa rayon Düz Qışlaq kənd sakinləri, 1961-ci il təvəllüdlü Sahib Bəxtiyarov, 2005-ci il təvəllüdlü Allahverdi Musayev, 2007-ci il təvəllüdlü Eşqin Musayev, 1963-cü il təvəllüdlü Qəmbər Musayev və “VAZ-2106” markalı avtomobilin sürücüsü Ağstafa rayon Qırlı kənd sakini Turxan Abbasov müxtəlif bədən xəsarətləri ilə Ağstafa rayon mərkəzi xəstəxanasına yerləşdirilib. Xəstəxanadan verilən məlumata görə, hazırda xəstələrin vəziyyəti kafidir.
Faktla bağlı Ağstafa rayon prokrorluğunda araşdırma aparılır.