Ermənistan Gömrük İttifaqına üzvlüyü seçməklə Avropa İttifaqı (Aİ) ilə azad ticarət haqqında razılaşma imzalamaq şanslarını məhdudlaşdırıb.
ERtv erməni mətbuatına istinadən xəbər verir ki, bu barədə Avropa İttifaqına sədrlik edən Litvanın XİN rəhbəri Linas Linkeviçyus bəyan edib.
Onun sözlərinə görə, Aİ Ermənistan prezidenti Serj Sarkisyanın bəyan etdiyi qərara hörmətlə yanaşır, lakin qeyd olunan iki sistem bir-birinə ziddir.
“Biz istənilən dövlətin seçiminə hörmət edirik. Amma onlar müxtəlif tələblərə görə hər iki quruma eyni vaxtda daxil ola bilməzlər” - XİN rəhbəri qeyd edib.
Sentyabrın 3-də Moskvada Rusiya prezidenti Vladimir Putin və Ermənistan prezidenti Serj Sarkisyan arasında görüş olub.
Prezident Sarkisyan Ermənistanın Gömrük İttifaqına daxil olmağı qərara aldığını və bu məqsədlə lazımı addımlar atmağa, gələcəkdə isə Avrasiya İqtisadi Birliyinin formalaşmasında iştirak etməyə hazır olduğunu bəyan edib.