Sentyabrın 14-də Yaşıl Teatrda “Future Shorst” qısa filmlər festivalı keçiriləcək.
ERtv xəbər verir ki, festivalın təşkilatçısı “Yarat! Contemporary Art Space” şirkətidir.
“Future Shorts” festivalının 2013-cü ilin yay mövsümü üçün tərtib olunan proqramında dünyanın müxtəlif ölkələrindən seçilmiş və tənqidçilərin rəğbətini qazanmış 6 film öz əksini tapıb. Rejissor Franses Bodomonun çəkdiyi “Boneshaker” (“Sarsıntı”) (ABŞ, 2012) filmində Amerikada azmış Afrika ailəsinin mücadiləsi təsvir olunub.
Rejissoru Viktor Kerri olan “La Huida” (“Qaçış”) (İspaniya, 2013) filmi müəyyən hadisənin müxtəlif nöqteyi-nəzərdən və prizmadan təhlil olunması haqqında bəhs edən bir tapmacadır;
Sara Qunnarsdottirin çəkdiyi “The Pirate of Love” (“Məhəbbət Qulduru”) (İslandiya, 2013) cizgi filmində həvəskar musiqiçi Deniel S. haqqında bəhs edilir;
“The Hidden Smile” (“El somriure amagat”, “Gizli Təbəssüm”) adlı filmin rejissoru Ventura Durall uşaqların qurduğu çiçəklənən cəmiyyətdə hökm sürən dəyərlər haqqında real hekayəni nəql edir;
2013-cü ilin Sandens festivalında “Ən yaxşı qısametrajlı cizgi filmi” kateqoriyası üzrə qalib elan olunmuş, rejissor Toni Donohyunun çəkdiyi “Irish Folk Furniture” (“İrland Milli Mebeli”) (İrlandiya, 2012) sənədli cizgi filmi ənənəvi İrlan mebelinin tarixçəsidir və nəhayət, Maxaliya Belonun çəkdiyi “Volume” (“Səsin ucalığı”) (Böyük Britaniya, 2012) filmində Corcinanın əsrarəngiz şəkildə qeyb olması qonşusu Sem tərəfindən izah olunur.