Bu ilin yanvar-avqust ayları ərzində Dövlət Neft Şirkətinin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi Ceyhan limanından 13 milyon 479 min 159 ton xam neft ixrac edib.
Bu barədə ERtv şirkətə istinadən xəbər verir.
Bu ilin səkkiz ayında Ceyhan limanından ixrac olunan xam neftin 1 milyon 637 min 874 tonu avqust ayının payına düşüb.
SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi tərəfindən ixrac olunmuş xam neftin göstəriciləri həm Azərbaycan dövlətinə, həm də şirkətə məxsus xam neft həcmlərini əks etdirir.
Azərbaycan nefti Bakı-Tbilisi-Ceyhan boru kəməri vasitəsilə Türkiyənin Ceyhan limanına nəql olunur. Bu limandan isə neft Aralıq dənizi vasitəsilə Avropa bazarlarına ixrac edilir.
Uzunluğu 1773 kilometr olan Bakı-Tbilisi-Ceyhan boru kəməri Bakı yaxınlığındakı Səngəçal terminalından başlayır. Boru kəmərinin ötürmə qabiliyyəti gündə 1,2 milyon barel neftdir. Kəmər 2006-ci ildən istifadədədir.