Milli Şura təmsilçilərinin “möhtəşəm aksiya” və digər müxalifətçi namizədlər haqqında fikirləri cavabsız buraxılmır.
Bu barədə ERtv-yə açıqlama verən “Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyliöncə Milli Şura nümayəndələrinin kütləvi aksiyalarla bağlı anonslarına toxundu:
“Əslində, avqustun 18-də keçirilmiş o uğursuz aksiyadan sonra Milli Şuradakıların bu barədə yeni və iddialı açıqlamalar verməsi məntiqdən uzaq davranışdır. Təsəvvür edin ki, Milli Şurada bir araya gəlmiş əlliyə yaxın təşkilat hərəsinə orta hesabla on nəfəri güc-bəla ilə çıxarmışdılar meydana.
Bu iflasdan sonra onların qalxıb yeni və daha möhtəşəm aksiyadan dəm vurmalarına normal izahat vermək çətindir. Özü də o mitinq ərəfəsində müəyyən təbəqənin Milli Şura ilə bağlı ümidləri hələ ölməmişdi.
Amma buna baxmayaraq, 18 avqust mitinqi Milli Şuranın imkan və iddialarına tam aydınlıq gətirdi. İnanmıram ki, o iflasdan sonra Milli Şura nəinki bölgələrdə, heç paytaxtda da normal aksiya təşkil edə bilsin”.
E.Mirzəbəyli Milli Şuraya bağlı nəşrlərdə digər müxalifətçi namizədlərin hakimiyyətin təsiri ilə seçki prosesinə qatıldıqlarına dair iddialara da cavab verib:
“Bu, xəstə təfəkkürdən qaynaqlanan iddiadır. O adamlar bu düşüncənin təsiri altında hesab edirlər ki, ölkədə iki qütb mövcuddur: bir tərəfdə hakimiyyət, digər tərəfdə isə özlərini radikal hesab edənlər.
Əlbəttə ki, tam əsassız mövqe və iddiadır. Çünki radikalizmin hakim olduğu düşüncədə konstruktivliyə yer qalmır.
Konstruktivlik yoxdursa, hər hansı normal fəaliyyətdən, davranışdan danışmaq mümkün deyil. Amma bunlar bayaq qeyd etdiyim səbəblər üzündən reallıq hissini itiriblər və onlardan başqa mövqe gözləməyə dəyməz”.