Təhsil naziri Mikayıl Cabbarov xarici ölkələrin ali təhsil müəssisələrində təhsil almaları üçün barələrində müsbət qərar verilmiş tələbələrlə görüşüb.
ERtv-nin məlumatına görə, görüşdə 2013-2014-cü tədris ilində xarici ölkələrin ali təhsil müəssisələrində “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində təhsil almaq üçün Prezident yanında Təhsil üzrə Komissiya tərəfindən barələrində müsbət qərar verilmiş növbəti 58 tələbə iştirak edib.
Görüş zamanı tələbələri təbrik edərək onların Azərbaycanın ən layiqli gəncləri sırasında yer tutduğunu söyləyən nazir qeyd edib ki, azərbaycanlı gənclərin xaricdə təhsil almağa göndərilməsi ənənəsinin əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub.
O xaricdə təhsil alan gənclərə xüsusi diqqət göstərildiyini, hazırda bu ənənənin dövlət başçısının rəhbərliyi ilə uğurla davam etdirildiyini bildirib.
M.Cabbarov gənclərə ölkəmizlə daim sıx əlaqə saxlamağı tövsiyə edib, bu baxımdan Xaricdə Təhsil Alan və Məzun Olmuş Azərbaycanlı Gənclərin Beynəlxalq Forumunun (ASAIF) fəaliyyətinin əhəmiyyətli olduğunu söyləyib.
Dövlət Proqramı üzrə təhsil alan tələbələrin xaricdə ölkəmizi layiqincə təmsil edəcəyinə inandığını nəzərə çatdıran təhsil naziri onların seçdikləri ixtisaslar üzrə yüksək səviyyəli mütəxəssis kimi ölkəmizə dönəcəklərin ümidvar olduğunu vurğulayıb.
Qeyd edək ki, bu günə qədər Prezident yanında Təhsil üzrə Komissiya tərəfindən Dövlət Proqramı çərçivəsində 2013-2014-cü tədris ilində xarici ölkələrin ali təhsil müəssisələrində təhsil almaq üçün sənəd vermiş 152 namizəd barəsində müsbət qərar qəbul olunub.
Digər namizədlər barəsində müvafiq qərar qəbul olunduğu zaman bu haqda ictimaiyyətə əlavə məlumat veriləcək.