Milli Şura təmsilçiləri bəsit təbliğat xatirinə praktik fəaliyyəti olmayan partiyaların ümidinə qalıb.
ERtv xəbər verir ki, Milli Şuraya bağlı nəşrlər “Difai” adlı partiyanın bu qurumun prezidentliyə namizədi Cəmil Həsənlini dəstəkləmək qərarı haqqında məlumat yayıblar.
Təbii ki, seçki prosesinin gedişində iştirakçı siyasi qüvvələrin təbliğat məqsədi ilə müxtəlif üsullardan istifadə cəhdində təəccüblü heç nə yoxdur.
Lakin “cəmiyyətdən daha çox dəstək aldıqlarını” nümayiş etdirmək üçün seçilən vasitə və ya obyekt heç də hər zaman uğurlu alınmır.
“Difai” adlı partiyanın Milli Şuranı və onun namizədini dəstəkləmək haqqında qərarı, eyni zamanda, bu mövqenin təmtəraqla işıqlandırılması da bu qəbildəndir.
Azərbaycanda siyasi prosesləri dərindən izləyən, partiya və liderləri detallarına qədər tanıyan insanlar, hətta yazarların belə mütləq əksəriyyəti adıçəkilən “partiya” haqqında məlumatsızdırlar.
Yaxud da, “Difai” adını eşidənlər sözsüz ki, ilk öncə 1905-ci ildə Əhməd bəy Ağaoğlunun yaratdığı, öncə “Fədai”, daha sonra isə “Difai” adlandırılmış partiyanı xatırlayacaqlar.
Amma müasir “Difai” barəsində hətta elektron resursların yardımı ilə də məlumat almaq mümkün deyil. Olmayan təşkilat haqqında nə məlumat tapılasıdır ki..?
Tərslikdən, “Difai”nin Milli Şuranın namizədini dəstəkləməsinə dair məlumat dərc edən qəzetlər təşkilatın sədrinin adını da yazmayıblar... Heç olmasa bu “partiya”nın sədrinin kimliyini bilərdik...
Burada maraqlı bir məqama da toxunmaq lazım gəlir. “Difai”nin “dəstək qərarı”nı dərc edənlər indiyə qədər bu təşkilatın hansı digər fəaliyyətini işıqlandırıblar?