Milli Şuraya daxil olan Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) üzvləri bu qurumun prezidentliyə namizədinin lehinə imza verməkdən boyun qaçırırlar.
ERtv xəbər verir ki, AzNews.az portalı bununla bağlı partiya üzvlərinə göstərişin birbaşa KXCP sədri Mirmahmud Mirəlioğlu tərəfindən gəldiyini yazıb.
Bu barədə C.Həsənlinin imzatoplama kampaniyasında yaxından iştirak edən şəxslərdən biri məlumat verib.
O bildirib ki, bir çox regionlarda klassik cəbhəçilər C.Həsənliyə imza verməkdən birmənalı imtina edirlər.
Mənbə deyib ki, konkret Qazax rayonunda yaşayan KXCP üzvləri C.Həsənlinin namizədliyi üçün imza verməyəcəklərini deyiblər. Onlar bu barədə partiya sədrinin göstərişinin olduğunu bildiriblər.
“Klassiklər”in belə davranmalarının səbəbi bununla bağlıdır ki, C.Həsənlinin imza kampaniyası çərçivəsində yığılacaq imzalar Milli Şurada bölünmüş, Müsavat və AXCP hərəyə 21 min imza toplayacağını bildirmiş, KXCP-yə isə 1000 imza həvalə olunmuşdu.
M.Mirəlioğlu isə bu bölgüdən narazılığını açıq şəkildə dilə gətirmiş, imza toplamanın iki partiya tərəfindən nəzarətə götürülməsinə etiraz etmişdi.