“2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının təsdiqindən ötən dövr ərzində Bakı şəhəri, ətraf kənd və qəsəbələrdə sahibkarlara 139,4 milyon manat güzəştli kredit verilib.
ERtv-nin verdiyi xəbərə görə, bu barədə Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev bildirib.
Onun sözlərinə görə, bu vəsait 594 investisiya layihəsinin maliyyələşdirilməsinə yönəlib.
“O cümlədən müasir texnologiyaların tətbiqinə əsaslanan 49 layihənin maliyyələşdirilməsinə 131,6 milyon manat, digər sahələrin inkişafı ilə bağlı 8 layihənin maliyyələşdirilməsinə 1,2 milyon manat, kiçik həcmli 537 layihənin maliyyələşdirilməsinə isə 6,6 milyon manat güzəştli kredit verilib. Verilmiş güzəştli kreditlər 4750-dən çox yeni iş yerinin yaradılmasına imkan verir”.
Bildirək ki, bu gün Binəqədidə keçirilmiş tədbirdə sahibkarlara 657 min manat güzəştli kredit verilib.
Həmçinin tədbir çərçivəsində dövlətin güzəştli krediti hesabına Binəqədi rayonunun Rəsulzadə qəsəbəsində illik istehsal gücü 16,9 min ton olan çörək zavodunun fəaliyyətinə də baxış keçirilib.