“Bulla-Dəniz” yatağında qazma zamanı baş vermiş qəzanın aradan qaldırılması istiqamətində işlər avqustun 27-də davam etdirilib.
ERtv-nin SOCAR-a istinadən verdiyi xəbərə görə, aparılan əməliyyatlara şirkətin Təhlükəsizlik İdarəsinin Fontana qarşı Dağ-mədən xilasetmə Hərbiləşdirilmiş Hissəsinin və Fövqəladə Hallar Nazirliyinin yüksək ixtisaslı mütəxəssisləri, habelə yanğınsöndürmə, kran və yedək gəmilərindən ibarət ümumilikdə 11 gəmi cəlb olunub.
Qeyd olunub ki, “Şirvan” kran gəmisi özülə yan alıb, 6 nəfərdən ibarət əməliyyat qrupu özülə qalxıb.
Məlumata görə, qrup özülün qərb hissəsində “katapiller dizel generatorları” sahəsində işləmək imkanın mümkünlüyünü müəyyən edib:
“Şirvan” kran gəmisi yenidən özülə yaxınlaşıb və yanğın zamanı platformada qalmış 3 ədəd 50 kubmetrlik məhlul çəni götürülərək gəminin göyərtəsinə qoyulub”.
Şirkətdən bildirilib ki, platformanın təmizlənməsi işləri bu gün də davam etdirilir:
“Bu məqsədlə səhər saat 08:00-dan 4 ədəd “Vixr” tipli, habelə “Caspian Support “ və “Topaz Legenda” yanğınsöndürmə gəmiləri quyu ağzında su pərdəsi yaratmaq üçün əməliyyatlar keçirilən əraziyə dislokasiya olunub, quyu ağzında su pərdəsi yaradılıb və “Şirvan” kran gəmisi təhlükəsizlik şəraitində işləməyə başlayıb”.
Qeyd edək ki, “Bulla-Dəniz” yatağında yanğın avqustun 17-də gecə saat 23 radələrində baş verib. Belə ki, 5 868 metr dərinlikdə qazma zamanı quyuda qaz təzahürləri müşahidə olunub.
Qaz təzahürünün qarşısını almaq üçün qazma briqadası tərəfindən mümkün olan bütün tədbirlər görülüb. Buna baxmayaraq, gecə saat 23:30-da quyu açıq qaz fontanına keçib və yanğın baş verib. Görülən təcili tədbirlər nəticəsində platformada olan işçilər təxliyə olunaraq sahilə çıxarılıb.
90 №-li kəşfiyyat quyusu “Bulla-Dəniz” yatağının şimal-şərq qanadında 29 №-li özüldən məhsuldar qatın VIII horizontunun karbohidrogen potensialının qiymətləndirilməsi məqsədi ilə layihələndirilib. Quyuda qazma işlərinə 2012-ci il noyabrın 6-da başlanılıb (dənizin dərinliyi - 26,5 metr).