“Yeni Müsavat” qəzetində Xarici İşlər Nazirliyi barədə dərc edilmiş anonim müəllifin məqaləsindəki iddialar tamamilə absurddur və heç bir həqiqəti əks etdirmir, böhtan xarakterlidir.
ERtv xəbər verir ki, bu barədə XİN-in mətbuat katibi Elman Abdullayev həmin məqaləyə münasibət bildirərkən deyib.
O deyib ki, XİN hər zaman çox açıq və şəffaf fəaliyyət göstərib, KİV-ə açıq olub.
Onun sözlərinə görə, məqalədə XİN-in rəhbər işçilərinə böhtanlar atılıb, kadr siyasəti ilə bağlı doğru olmayan məlumatlar verilib:
“Özünü diplomatik xidmətdə təsdiq edə bilməyən bu şəxs, qeyri-ciddi, məkrli yollarla XİN-in ünvanına ləkə yaxmağa cəhd göstərib. Belə bir insanın bu gün XİN-də olmaması onu göstərir ki, nazirliyinin kadr siyasəti düzgün aparılır. Bu şəxs XİN-ə ləkə yaxırsa, onun bu sistemdə bu gün olmaması tamamilə düzgündür”.
XİN rəsmisi məqalədəki bütün detalların yanlış olduğunu vurğulayıb.
E.Abdullayev deyib ki, heç kimə üç ay ərzində attaşe rütbəsi verilmir, XİN sistemində vəzifə dəyişkənliyi iki ildən bir baş verir.
Məmur övladlarının XİN-də çalışmasına gəlincə, mətbuat katibi deyib ki, müvafiq tələblərə cavab verən istənilən Azərbaycan vətəndaşı diplomatik xidmətdə çalışa bilər. İşə qəbul şəxsin məmur övladı olub-olmaması ilə deyil, müvafiq kriteriyalara cavab verməsi əsasında olur.