25 avqust 2013-cü il tarixində Kiyev şəhərində Moldova ombudsmanı Aureliya Qriqoriu insan haqları sahəsində göstərdiyi cəsarətə görə Müqəddəs Vladimir Pravoslav Ordeni ilə təltif edilib.
ERtv ombudsmanın rəsmi Facebook səhifəsinə istinadən xəbər verir ki, orden Kreşeniya Rusinin 1025 illiyi şərəfinə və Moldovanın parlament vəkilinin mandatının 2013-cü ilin oktyabrında başa çatması ilə əlaqədar olaraq təqdim edilib.
Aureliya Qriqoriu ali pravoslav mükafatı - Müqəddəs Apostol Andrey Pervozvannı Ordeni ilə təltif edilən yeganə Moldova vətəndaşı və Heydər Əliyev Fondunun ali mükafatı - Heydər Əliyev qızıl medalına layiq görülən yeganə qadındır.
Qeyd edək ki, moldovalı ombudsman 4 iyul 2013-cü il tarixində Ermənistan parlamentində çıxışı zamanı Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal etdiyini və azərbaycanlılara qarşı soyqırımı törətdiyini bildirib. Aureliya Qriqoriu parlamentdə davam edən ümumavropa konfransı çərçivəsində “Dondurulmuş münaqişələr zonasında insan haqlarına riayət olunması” məruzəsi ilə çıxış edib.
Məruzə zamanı o bildirib ki, Xocalı soyqırımını ermənilər törədiblər, bu beynəlxalq səviyyədə tanınmış faktdır. Diqqətəlayiqdir ki, zalda əyləşən bəzi forum iştirakçıları moldovalı həmkarlarını alqışlayıblar.