“Bulla-dəniz” yatağındakı 90 saylı quyuda ayın 17-dən davam edən yanğınla bağlı Dövlət Neft Şirkəti yeni açıqlama yayıb.
ERtv-nin SOCAR-a istinadən verdiyi xəbərə görə, qeyd olunub ki, quyuda qəza zamanı quyunun ağzı atqıya qarşı avadanlıqlarla bağlandığı üçün oradan çıxan alov ətrafa yayılaraq 350 metr radiusda yüksək temperatur sahəsi yaradıb:
“Bu isə quyuya yaxınlaşmağı mümkünsüz edib. SOCAR və FHN-in yüksək ixtisaslı əməkdaşlarından təşkil olunmuş komissiya qarşısında ilk növbədə alovun istiqamətini şaquli yönəltmək vəzifəsi dayanıb”.
Bildirilib ki, bunun üçün hərbi texnikanın köməyindən istifadə olunub, sərhəd qoşunlarının hərbi gəmisindən uzaq məsafədən açılmış sərrast atəşlər vasitəsilə quyu ağzı maneçilik törədən avadanlıqlardan təmizlənib.
Məlumata görə, nəticədə alovun kompaktlaşdırılmasına və şaquli istiqamətdə yönəldilməsinə nail olunub:
"Bununla da gəmilərin və işçi heyətin quyu ətrafına yaxınlaşmasına imkan yaranıb.
Bu tədbirlərin davamı olaraq platformanın ətrafına cəlb edilmiş 6 yanğınsöndürmə gəmisi vasitəsilə quyunun ağzına və ətrafına intensiv suvurma prosesi aparılıb və alovun qarşısında su pərdəsi yaradılıb”.
Məlumatda o da qeyd olunub ki, alovu söndürmək imkanı yaransa da, dənizin çirklənməsinin qarşısının alınması və özüldə işçilərin təhlükəsizliyinin təmin olunması prioritet götürüldüyündən qəzanın ləğv edilməsi və quyu ağzının bərpası işləri zamanı quyudan çıxan qazın yandırılaraq zərərsizləşdirilməsi vacib sayılıb.
“Bu səbəbdən alovun tam söndürülməsi məqsədəuyğun hesab edilməyib. Əməliyyat zamanı SOCAR-ın Təhlükəsizlik İdarəsinin Fontana qarşı mübarizə dəstəsinin kəşfiyyat qrupu xüsusi qoruyucu geyimlərdə platformaya daxil olaraq yaşayış blokuna, sonra isə qazma blokuna baxış keçirib”.
Məlumata görə, kəşfiyyat qrupu fontan vuran quyu lüləsinin 2-3 metrliyinə qədər irəliləyərək platforma və quyu ətrafındakı avadanlığın faktiki vəziyyəti haqqında ətraflı məlumat əldə etməyə müvəffəq olub.
Qeyd olunub ki, əldə edilmiş məlumatlar əsasında qəzanın aradan qaldırılması istiqamətində görüləcək işlərin planı dəqiqləşdirilib və hazırlıq işləri başa çatdırılıb.
“Hazırda qəzanın aradan qaldırılması istiqamətində işlər davam etdirilir”.