Rüstəm İbrahimbəyovun “vahid namizəd”liyi ilə bir nəticə əldə edə bilməyən Milli Şura indi də uzun çəkən və mübahisəli “ehtiyat namizədi”nin axtarışını yekunlaşdıraraq Cəmil Həsənli üstündə dayanıb.
Bunu ERtv-yə açıqlamasında hakim partiyadan olan millət vəkili Azər Badamov dilə gətirib.
Onun dediyinə görə, xalq, cəmiyyət R.İbrahimbəyovun köhnəlmiş ssenarisi ilə çəkilmiş “Milli Şura” adlı “serial”ından bezdiyi üçün radikal müxalifət artıq siyasi partiyalardan yox, məhz bir ziyalını ortaya qoymaqla özlərinə maraq yaratmaq istəyir.
Millət vəkili bildirib ki, 20 il ərzində radikal mövqedə dayanaraq, keçmiş fəaliyyəti və gələcəyə səsləndirilən planları ilə müxalifət, özlərinə cəmiyyət arasında antipatiya hissləri yaradıb.
A.Badamovun qeyd etdiyinə görə, belə bir müxalifətə xalq arasında heç bir dəstək yoxdur və ola da bilməz:
“Düzdür, Cəmil Həsənli yaxşı ziyalıdır, amma bu, o, demək deyil ki, həmin şəxs müxalifətin olmayan imicini və xalqın dəstəyini qaytara biləcək.
Cəmil Həsənlinin sözləri ilə desək o, elm adamıdır. Yəni, özünü siyasi meydanda lider kimi görmür. Ona görə düşünürəm ki, bu namizəd də radikal müxalifəti uğursuz vəziyyətdən çıxarmayacaq.
Yəni, göründüyü kimi, onlar arasında hələ də daxili çaxnaşmalar davam edir. Vəziyyət onu göstərir ki, Milli Şuranın mövcudluğunun sonu yaxınlaşıb. Qarşıdan gələn seçkilərdə namizədlərin heç birisi cənab İlham Əliyevə rəqib ola bilməz.
Cənab İlham Əliyev prezident olduğu müddətdə dövlət başçısı kimi cəmiyyət arasında böyük hörmət və nüfuz qazanıb. Artıq xalq da siyasi cəhətdən inkişaf edib, yetkinləşib, yaxşısını pisindən ayıraraq, siyasətçiləri lazımınca dəyərləndirə bilir”.