Azərbaycan Gənclər və İdman Nazirliyinin dəstəyi və Gənclər Təşkilatları Milli Şurasının təşəbbüsü ilə “Qeyri-hökumət təşkilatlarının idarəetmə akademiyası” layihəsi çərçivəsində Şəkidə birinci yay məktəbi təşkil olunub.
ERtv-yə Şəki Şəhər Gənclər və İdman İdarəsindən verilən məlumata əsasən, yay məktəbində Milli Şuranı və QHT-ləri, ümumilikdə, 24 gənc təmsil edir.
Yay məktəbinin açılış mərasimində Şuranın sədri Şahin Seyidzadə, şəhər gənclər və idman idarəsinin rəisi Vüqar İskəndərov və layihənin rəhbəri Mələk Əliquliyeva çıxış edərək layihə haqqında məlumat veriblər. Layihənin məqsədləri barədə məlumat verilərkən bildirilib ki, respublikada fəaliyyət göstərən gənclər təşkilatlarının strateji inkişafı, bu qurumların potensialının artırılması, QHT-lər arasında əlaqələrin qurulması, gənclərin asudə vaxtlarının mənalı və səmərəli keçməsini təmin etmək əsas məsələlərdəndir.
Şəhər Gənclər və İdman İdarəsindən bildirilib ki, üç gün davam edəcək yay məktəbinin sonunda iştirakçılara şəhadətnamə və sertifikatlar təqdim olunacaq.