Bu ilin yanvar-iyul ayları ərzində Azərbaycan 624 mln. 190 min dollar məbləğdə yeyinti məhsulları idxal edib.
ERtv-nin Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu məhsulların idxalı ötən ilin analoji dövründən 6% artıq olub.
Yeyinti məhsullarının idxalı hesabat dövründən Azərbaycanın ümumi idxalının 10%-ni təşkil edib.
Bu dövrdə ən böyük məbləğdə idxal olunan məhsul buğda olub. Yeddi ayda 202 mln. 980 min dollar məbləğdə buğda idxal olunub ki, bu da ötən ilin eyni dövründən 40% çoxdur.
Hesabat dövründə böyük məbləğdə idxal olunan digər məhsul isə şəkər olub. Bu məhsulun idxalı 102 mln. 995 min dollar təşkil edib ki, bu da ötən ildəkindən 115 artıqdır.
İlin yeddi ayında buğda unu və südün idxalında da artım müşahidə olunub.
13 mln. 675 min ton idxalla buğda unu ötənilki dövrdən təxminən 15 dəfə artıq olub.
Bu dövrdə idxal olunan süd isə 4 mln. 944 min dollar təşkil edib ki, bu da ötən ilin eyni dövründən 12% çoxdur.
İlin yeddi ayında ət, kərə yağı, meyvə-tərəvəz, bitki və heyvan mənşəli yağlar və piylərin idxalında isə azalma qeydə alınıb.
Belə ki, hesabat dövründə 9 mln. 420 min dollar məbləğdə ət (23% az), 9 mln. 811 min dollar həcmdə kərə yağı (52% az), 19 mln. 196 min dollar məbləğdə (55% az), 44 mln. 880 min məbləğdə bitki və heyvan mənşəli yağlar (39% az) idxal olunub.