Bu gün əməkdar artist, xanəndə Firuz Səxavətin doğum günüdür.
ERtv xəbər verir ki, Firuz Əmirxan oğlu Məmmədov 1972-ci il avqustun 23-də Ağdam rayonunun Abdal-Gülablı kəndində anadan olub.
1979-1990-cı illərdə Ağdam Abdal-Gülablı kənd məktəbində orta təhsil alıb. 1985-1990-cı illərdə ilk musiqi təhsilini Xan Şuşinskinin adını daşıyan Ağdam musiqi məktəbində alıb. İlk müəllimi, Əlisəfa Hüseynov olub.
1984-1985-ci illərdə “Qarabağ bülbülləri” ansamblında fəaliyyət göstərib.
1990-1992-ci illərdə Hərbi xidmət keçirib. 1994-1998-ci illərdə Milli Konservatoriyada professor Arif Babayevin sinfində ali təhsil alıb.
2000-ci ildən Xətai rayonu 25 saylı musiqi məktəbində pedaqoji fəaliyyətə başlayıb.
2005-ci ildən Milli Konservatoriyada xanəndəlik üzrə dərs deyir.
2008-ci ildə Heydər Əliyev Fondunun dəstəyi ilə işıq üzü görən “Qarabağ xanəndələri” adlanan, özündə 24 xanəndənin yaradıcılığını əhatə edən fono və foto materialları cəmləşdirən nəşrdə Firuz Səxavətin də ifası daxil edilib.
Firuz Səxavət mərhum xanəndə Səxavət Məmmədovun qardaşıdır.