Türkiyədə etiraz aksiyaları keçirildi
23 avqust, 2013 21:56
Türkiyədə Misir və Suriya xalqlarını dəstəkləmək üçün kütləvi aksiyalar keçirilib.
ERtv-nin verdiyi xəbərə görə, avqustun 22-də Türkiyənin paytaxtı Ankara ilə yanaşı İstanbul, Bursa, Tokat, Ərzincan, Alanya, Trabzon, Konya və başqa böyük şəhərlərində Misir və Suriya xalqlarına dəstək vermək üçün kütləvi aksiyalar keçirilib. Məlumatı Türkiyə mətbuatı yayıb.
Məlumatlara əsasən, Suriyada Bəşər Əsədi müdafiə edən silahlı qüvvələrin kimyəvi silahdan istifadə etməsi və bunun nəticəsində 300-dən çox uşağın boğularaq ölməsinə beynəlxalq təşkilatların səssiz qalması türk ictimaiyyətinin hiddətinə səbəb olub.
Misirdə isə demokratik yolla seçilmiş prezident Məhəmməd Mursinin həbsdə saxlanılması, lakin insanların qətlində əli olan Hüsnü Mübarəkin azad edilməsi etirazlarla nəticələnib.
Aksiya iştirakçıları beynəlxalq ictimaiyyəti bəzi ərəb ölkələrində baş verən qardaş qırğınlarına göz yummamağa və günahkarların cəzalandırılması üçün addımlar atmağa çağırıblar.