Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) Seçki Qərargahı 9 oktyabrda keçiriləcək prezident seçkiləri ilə əlaqədar regionlarda müşahidəçilərlə görüş təşkil edir.
Bu barədə ERtv-yə AVCİYA seçki qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı məlumat verib.
Qərargah rəhbərinin sözlərinə görə, AVCİYA Zaqatala regional ofisinin təşkilatçılığı ilə Qax, Zaqatala və Balakən rayonlarında seçkiləri müşahidə edəcək şəxslərlə bir araya gəlib. Əvvəlki tədbirlərdə olduğu kimi AVCİYA seçki qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı tədbir iştirakçıları qarşısında məruzələr edib.
Məruzəçi bu il keçiriləcək prezident seçkilərinin demokratik və şəffaf keçirilməsi üçün müşahidə missiyasının əhəmiyyətindən, assosiasiyanın prezident seçkiləri ilə bağlı bu ilin əvvəllərindən görülmüş işlər barədə geniş məlumat verib.
Bundan sonra M.Zülfüqarlı müşahidəçilərin hüquq və vəzifələri, seçki günü müşahidəçilərin aparacaqları monitorinqin hər bir mərhələsində görəcəkləri işlər barədə konkret məlumatlar verib.
M.Zülfüqarlı onu qeyd edib ki, müşahidəçilərin hazırlanması işinə artıq xeyli vaxtdır başlanılıb və bu proses yaxın günlərdə başa çatacaq. O, Azərbaycanda ümumilikdə 4996 seçki məntəqəsinin olduğunu və hər məntəqəyə ən azı bir müşahidəçi göndərəcəklərini bildirib. Seçki qərargahının rəhbəri səsvermənin nəticələrinin müşahidəçilər tərəfindən qanuna uyğun olaraq izlənəcəyini qeyd edib.
Regionlarda növbəti tədbirin AVCİYA-nın Gəncə regional ofislərinin təşkilatçılığı ilə təşkil olunacaq.