Müxalif düşərgə, radikal cinah yenə də hər dəfə üzləşdiyi aqibəti - uğursuzluq aqibətini yaşayacaq.
Bunu ERtv-yə açıqlamasında Milli Məclis (MM) sədrinin müavini Bahar Muradova “vahid və ya ehtiyat namizəd” məsələsində bir araya gələ bilməyən Milli Şuranın aqibətinin necə olacağı məsələsinə münasibətini bildirərkən dilə gətirib.
“Həmin düşərgədəki durum, münasibətlər, vaxtın, zamanın dəyərləndirilməməsi, yəni, seçki prosesinin hər bir dövrünün onun tələblərinə uyğun keçməsi yönündə fəaliyyət göstərilməməsi, bir növ məsuliyyətsiz bəyanatlar verməklə məşğul olmaq, eyni zamanda, əməli, nəticəyə hesablanmış fəaliyyətə yönələn hansısa bir iş ortaya qoyulmadığına görə, sonda nəticənin də onlar üçün uğursuz olacağı bəri-başdan aydın görünür” - deyən vitse-spiker bildirib ki, bu baxımdan radikalların, Milli Şuradakıların perspektivi həm onların özünə, həm də cəmiyyətə bəllidir və bu perspektiv üzərində də başdan durmağa ehtiyac yoxdur.
B.Muradovanın qeyd etdiyinə görə, açıq-aşkar görsənir ki, bu düşərgədəki vəziyyət hansı səviyyədədir:
“Bunu da bir sözlə, acınacaqlı bir durum adlandırmaq olar. Çox təəssüf ki, bu insanlar hələ də bu durumun belə olduğunu özləri dərk edərək, yəni, gücləri çatan işin qulpundan yapışmağa səy göstərmirlər. Həmişə iddiaları böyük, imkanları kiçik olanların aqibəti də məhz Milli Şurada cəmləşənlərin aqibəti kimi olur...”