Milli Şuranın ehtiyat vahid namizəd qərarının qurumdakı ziddiyyətləri aradan qaldıracağı ehtimalı aşağıdır.
Bu məsələni ERtv-yə şərh edən politoloq Qabil Hüseynli Milli Şuranın prezidentliyə namizəd qismində yalnız ziyalılara istinad etməsinin effekt verməyəcəyini deyib:
“Vaxtın daralmasına baxmayaraq, Milli Şura özünün prezidentliyə namizəd problemini hələ də həll edə bilmir. Rüstəm İbrahimbəyov uzun müddət onları ələ saldıqdan sonra indi özü də ikili vətəndaşlıq probleminin ciddiliyini etiraf edir.
Belə bir şəraitdə Milli Şuranın ehtiyat namizəd axtarışını başa düşmək çətin deyil. Lakin bu məsələdə seçimin yalnız ziyalıların üzərində saxlanılmasını mən başa düşə bilmirəm.
Ziyalı olmaq və cəmiyyət hörmət qazanmaq mümkündür – amma gəlin görək, bu keyfiyyətlər uğurlu seçki kampaniyası aparmaq üçün yetərlidirmi? Təbii ki, yox.
Hər halda, məsələnin bu nöqtəyə gəlməsi Milli Şuradakı partiya sədrlərinin öz aralarında konsensus tapa bilməmələrindən irəli gəlir. Bu amilin Milli Şuranın ehtiyat namizədinin seçilməsinə necə təsir göstərəcəyini zaman göstərəcək.
Amma bütün hallarda aydındır ki, Milli Şura kifayət qədər uzun zamanı boşa verib”.