Milli Şuranın dünən keçirilmiş aksiyası iştirakçı partiyaların təmsilçilərini qane etməyib.
ERtv modern.az-a istinadən xəbər verir ki, Müsavat başqanının müavini Mustafa Hacıbəylivə “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu sosial şəbəkələrdə bu barədə tənqidi fikirlərini bildiriblər:
Bildirilib ki, Müsavat partiyası başqanının müşaviri Mustafa Hacıbəyli xüsusilə mitinqin aparıcısı İbrahim İbrahimlinin davranışlarına etiraz edib:
”İbrahim İbrahimli mitinqdə Mirmahmud Mirəlioğlunu Mirmahmud Fəttayev kimi, Liberal Partiyanı Liberal-demokrat Partiyası kimi, KXCP-ni KAXCP kimi, Nərgiz Yaqublunu Nigar Yaqublu kimi təqdim etdi.
Əvvəl Tural Abbaslının azadlığa çıxdığını dedi, sonra səhvini ona azadlıq tələb etməklə düzəltdi. Temperaturun 32 dərəcə olduğu halda, bunu da şişirdərək 40 dərəcə olduğunu deməyinin bizə hansı faydasının olduğunu deyə bilmərəm.
Amma bəzən dostlarımızın aksiyada adi meqafonla yarada bildiyi coşqunu İbrahim İbrahimli mitinqin aparıcısı olaraq yüksək səsgücləndiricilərə qoşulan mikrofonla yarada bilmədi.
Onun səsləndirdiyi şüar isə iştirakçıların dilinə yatmadı. İbrahim İbrahimlinin hər dəfə aparıcı olmağına təkid edən siyasətçiyə təklif edirəm ki, gələn dəfə ya Fuad Qəhrəmanlının, ya Asəf Quliyevin, ya Sahib Kərimlinin, ya da bir başqasının namizədliyinə təkid eləsin”, - deyə Mustafa Hacıbəyli qeyd edib.
“Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlunu narazı salan məqam isə mitinqə daha az adamın gəlməsi olub:
“Mənim 4-5 mənbədən aldığım rəylərə (Milli Şura rəhbərləri də var onların içində) görə, 3000 civarında mitinqçi olub. Lakin gənc liderlərdən 5000 civarında deyənlər də oldu. İstənilən halda, azdır”.
Aksiya iştirakçılarının sayı ilə bağlı fikirlərinə davam edən R.Arifoğlu onu da vurğulayıb ki, “halal olsun yenə də ənənəvi müxalifətə - AXCP və Müsavata, Milli Şuranı qurtardı. Bir də NİDA”.