Milli Şuranın 18 avqust mitinqi bütün parametrlər üzrə tənqidi münasibətlə üzləşib.
Qeyd olunan mitinqi dəyərləndirən parlamentin deputatı Ceyhun Osmanlı ERtv-yə açıqlamasında Milli Şuranın “güc”ünü göstərməli olan aksiyanın tam əks effekt verdiyini deyib:
“Təşkil olunmuş mitinq nümayiş etdirdi ki, Rüstəm İbrahimbəyovlu müxalifətin nümayişinə, Rüstəm İbrahimbəyovsuz müxalifətin nümayişindən daha az adam gəldi. Həmin mitinq bazar günü baş tutdu. Bu dəfə “Əgər iş günü olmasaydı, daha çox adam gələrdi” bəhanəsi bazar gününün iş günü olmaması səbəbindən keçərli deyildi”.
C.Osmanlı Milli Şuraya daxil olan bəzi partiyaların rəhbər funksionerlərinin həmin mitinqə qatılmamasını qurum daxilində hökm sürən ziddiyyətlərin göstəricisi hesab edib:
“Mitinqdə xalq kütlələri bir yana qalsın, “Milli Şura”ya daxil olan partiyaların bəzi liderləri və funksionerləri belə görünmədilər. Məclislərdə çıxışlarına “Rüstəm İbrahimbəyov vahid namizəd olarsa” fikri ilə başlayan azlığın çoxu meydanda görünmədi”.
Parlamentin deputatı mitinq ərəfəsində sosial şəbəkələrdə aksiyanın təbliğatını aparanlar arasında ermənilərin də çox olduğunu vurğulayıb:
“Twitter”də mitinq canfəşanlarının arasında azsaylı azərbaycanlılarla yanaşı, çoxsaylı ermənilərin olduğu bəlli oldu. “Twitter”də mitinq azarkeşlərinin birləşmiş sayı “İrəli” gəncliyi ilə debatlara yetmədi ki, gün boyu uğursuz mitinqi bir kənara qoyub, öz ölkələrinin uğurlu gənclərini təhqir etməyə başladılar”.
C.Osmanlı 18 avqust aksiyasının Milli Şurada bir araya gəlmiş müxalifət təşkilatlarının mitinq taktikasını da tənqid edib:
“Sual yarandı ki, əgər müxalifət icazəli aksiya edə bilirdisə, niyə indiyə qədər çox sayda icazəsiz aksiyanı irəli sürməklə bu qədər insana əziyyət verib?”
Deputat keçirilmiş mitinqin Milli Şuranın cəmiyyətdə böyük dayaqlara malik olmasına dair iddialara da birmənalı aydınlıq gətirdiyini bildirib:
“Bu mitinqlə Milli Şuranın sosial bazası barədə yaradılan əfsanələr fiaskoya uğradı”.
C.Osmanlı Milli Şuranın özünə vahid namizəd seçməsinə baxmayaraq, orada birləşmiş qüvvələrin bu ideyadan uzaq olduqlarını vurğulayıb:
“Bu mitinqdə iştirak edən siyasi qrupların davranışı onu sübut etdi ki, müxalifət vahid namizəd ideyasından uzaqdır. Müxalifətin vahid lideri olmaq arzusunda olan, heç bir zaman namizəd kimi qeydiyyata alınmamasına baxmayaraq, özünü namizəd kimi qələmə verən Rüstəm İbrahimbəyov mitinqə qatılmadı! Müxalifət növbəti dəfə meydanda tək qaldı!”