Dövlət Sərhəd Xidmətinin Şəki Sərhəd Dəstəsində Sərhəd Qoşunlarının yaradılmasının 94-cü ildönümü münasibətilə tədbir keçirilib.
ERtv-nin bölgə müxbirinin məlumatına əsasən, mərasimdə əvvəlcə meydana təntənəli marşın sədaları altında hərbi hissənin döyüş bayrağı gətirilib, Azərbaycanın Dövlət himni oxunub.
Mərasimi hərbi hissənin komandiri, polkovnik-leytenant Səmid Cəfərov açaraq Vətənə sədaqət andı içən gənc əsgərlərin bütün çətinliklərə baxmayaraq, qarşıya qoyulan vəzifəni – Azərbaycan Respublikasının dövlət sərhədlərinin mühafizəsini şərəflə yerinə yetirəcəklərinə, içdikləri hərbi anda həmişə sadiq qalacaqlarına, müstəqil dövlət quruculuğu prosesinə layiqli töhfələrini verəcəklərinə əminliyini bildirib.
Bildirilib ki, bu gün Sərhəd Qoşunlarında xidmət edən hər bir zabit, gizir, çavuş və əsgər öz üzərinə düşən vəzifələri şərəf və ləyaqətlə yerinə yetirərək göstərilən etimadı doğrultmaq üçün qüvvə və bacarığını əsirgəmir, daha yüksək nailiyyətlər qazanmaq əzmi ilə xidmət edir.
Sonra gənc əsgərlər meydanın mərkəzində düzülərək Vətənimizin sərhədlərini göz bəbəyi kimi qoruyacaqlarına, dövlətimizə, xalqımıza sədaqətli olacaqlarına and içiblər.
Tədbirdə Dövlət Sərhəd Xidmətinin rəisi, general-leytenant Elçin Quliyevin gənc əsgərlərə bayram təbrikinin mətni oxunub.