Gəncədə baş verən yanğın nəticəsində bir neçə mağaza yararsız hala düşüb.
Bu barədə məlumatı ERtv-yə Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin Gəncə şəhər Dövlət Yanğından Mühafizə İdarəsinin əməliyyat yanğın söndürmə qərargahının rəisi Fazil Aslanov verib.
Onun sözlərinə görə yanğın ötən gecə səhərə yaxın şəhərin Şah İsmayıl Xətai prospektində baş verib. Ümumi sahəsi 700 kvadratmetr olan ticarət mərkəzində yanğın nəticəsində bina yararsız hala düşüb və sahibkarlara xeyli ziyan dəyib. məlumata görə ticarət obyekti 4 mağazadan ibarət olub. Ümumi sahəsi 30 kvadratmetr olan ətir mağazası içindəki əşyalarala birlikdə yanaraq kül olub.
Sahəsi 50 kvadratmetr olan pərdə mağazasının lambirdən olan tavan hissəsi isə tam yanıb, içindəki əşyalar qismən xilas edilib. Başqa bir sahəsi 50 kvadratmetr olan inşaat malları mağazasının lambirdən olan ayırıcı hissəsi yanıb, içərisindəki əşyalar isə tam xilas edilib. Yanğınsöndürənlərin səyi nəticəsində alovun 550 kvadrat metr sahəsi olan mebel mağazasına keçməsinin qarşısı alınıb. Yanğın zamanı parfumeriya dükanın sahibi 10 min, pərdə mağazasının sahibi isə 8 manat ziyan dəydiyini bildirib. Hazırda yanğının baş vermə səbəbləri araşdırılır. İlkin məlumata görə hadisə elektrik naqillərinin qısaqapanmasından yaranıb.