Bu gün Qazaxda Kompyuter oyunları üzrə 8-ci Azərbaycan Milli Çempionatının zona birinciliyi keçirilib.
ERtv-nin bölgə müxbirinin verdiyi məlumata görə VIII Azərbaycan Milli Çempionatında Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy, Gəncə, Daşkəsən, Goranboy və Samux rayonlarının gəncləri 9 komanda şəklində, 14 nəfər isə fərdi qaydada iştirak edib.
Yarışa Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Kiber İdman Federasiyası tərəfindən dəstək verilib. Yarış iştirakçıları əsasən 14-29 yaşlarda gənclər olub. Zona birinciliyində 70-ə yaxın gənc iştirak edib. Gənclər “Counter-Strike”, “Cross Fire”, “FİFA 13”, “Super Fighter IV: Arcade Edition” oyunları üzrə öz bacarıqlarını nümayiş etdiriblər.
Bildirək ki, yarış “pley-off” qaydası ilə keçirilib. Bir komandada 5 nəfər yarışıb. Qalib komanda avqustun 27-29-da Bakıda keçiriləcək final yarışında iştirak edəcək. Kompyuter oyunları üzrə 8-ci çempionatın qalibi isə bu ilin oktyabr və noyabr aylarında Çin və Rumıniyada keçiriləcək Dünya Çempionatına vəsiqə qazanacaq.