Türkdilli dövlətlər nəqliyyat infrastrukturunun təkmilləşməsi üçün həm ikitərəfli formatda, həm də üçtərəfli formatda böyük işlər görüb.
ERtv AzərTAc-a istinadən xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyevavqustun 16-da Qəbələdə Heydər Əliyev Konqres Mərkəzində keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) III Zirvə toplantısında çıxışında bildirib.
Prezident nəqliyyat layihələrinin icrasının böyük vəsait tələb etdiyini, ancaq ölkələrdə iqtisadi inkişafın çox sürətli və maliyyə durumunun da yaxşı olduğunu qeyd edib.
O bildirib ki, belə olan halda gələcəkdə də böyük nəqliyyat layihələrinə mütləq vəsait ayrılmalıdır:
“Onların içində Avropanı Asiya ilə birləşdirən Bakı-Tbilisi-Qars dəmir yolunu xüsusilə qeyd etmək istəyirəm. Bu dəmir yolu vasitəsilə qitələr birləşəcək, ölkələrimiz tranzit ölkələrə çevriləcək.
Bu dəmir yolu bundan sonra 100 illiklər ərzində xalqlarımıza xidmət edəcək. Bu, böyük geosiyasi, geoiqtisadi və əməkdaşlıq layihəsidir. Əminəm ki, biz yaxın zamanlarda, gələn il bu layihənin istifadəyə verilməsini qeyd edəcəyik və beləliklə, tarixi İpək yolunu bərpa etmiş olacağıq”.
Dövlət başçısı qeyd edib ki, Əməkdaşlıq Şurasına üzv ölkələrdə böyük nəqliyyat layihələri icra edilir və bu layihələr hər bir ölkə üçün çox böyük əhəmiyyət kəsb edir:
“Bu layihələr birlikdə bölgənin yeni nəqliyyat xəritəsini təşkil edir.
Biz yeni nəqliyyat infrastrukturunun yaradılması ilə türk dünyasını nəqliyyat şəbəkəsi ilə də birləşdiririk və eyni zamanda, ölkələrimiz üçün, gələcək üçün güclü bir nəqliyyat infrastrukturu yaradırıq.
Əsrlər boyu bizim xalqlarımız bundan istifadə edəcək və bu, iqtisadi cəhətdən bizə əlavə fayda gətirəcək”.
Prezident Azərbaycanda bu istiqamətdə görülmüş işlər haqqında da danışaraq qeyd edib ki, Azərbaycanda Xəzər dənizində tikilən liman bu bölgənin ən böyük dəniz limanı olacaq.
Onun sözlərinə görə, bunun yükqəbuletmə qabiliyyəti mərhələlər əsasında on milyon tondan iyirmi milyon tona çatacaq:
“Bakı-Tbilisi-Qars dəmir yolunun, Bakıda dəniz limanının istifadəyə verilməsi əlaqəli şəklində aparılır və beləliklə, Xəzər dənizi ilə yüklərin daşınmasının artımına gətirib çıxaracaq”.
Azərbaycan Prezidenti turizm sektorunda əməkdaşlığa da toxunaraq qeyd edib ki, bu sahədə birgə fəaliyyət həyata keçirilə bilər:
“Xüsusilə Qəbələ kimi turizm mərkəzində bu istiqamətdə atılacaq addımlar haqqında fikir mübadiləsi çox dəyərlidir. Təklif edirəm ki, türk dünyasının turizm potensialı və türk dünyasının turizm mərkəzləri haqqında birgə səylərlə birgə sərgi də keçirilə bilər. Bu sərgi həm ölkələrimizdə, həm də başqa ölkələrdə keçirilə bilər”.
İlham Əliyev eyni zamanda təklif edib ki, mötəbər beynəlxalq sərgilərdə türk dünyası vahid bir təqdimatla çıxış edə bilər, çünki ölkələrdə çox gözəl turizm imkanları vardır:
“Bizim ölkələri birləşdirən turizm potensialı güclənir. Qara dəniz, Aralıq dənizi, Xəzər dənizi, İsık-göl dünya miqyasında çox mötəbər turizm istiqamətləridir. Ölkələrimizdə təbiət çox gözəldir - təmiz hava, dağlar, meşələr, çaylar. Yəni, birgə turizm təqdimatı hesab edirəm ki, həm birliyimizi əks etdirər və təqdim edər, eyni zamanda, praktik nöqteyi-nəzərdən ölkələrimizə turistlərin axınını gücləndirmiş olar”.